MTRŞ sədri seçilən gənc kimdir?

Xəbər verdiyimiz kimi, bu gün İsmət Rəcəb oğlu Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçilib.

XALQ.AZ xəbər verir ki, İsmət Səttarov 1983-cü ildə Bakı şəhərində anadan olub.

O, 2002-ci ildə Bakı Dövlət Universitetinin İqtisadi kibernetika və tətbiqi riyaziyyat fakültəsində bakalavr, 2004-cü ildə həmin fakültənin magistr dərəcəsi alıb. 2008-ci ildə isə dissertasiya müdafiə edərək, texnika elmləri üzrə fəlsəfə doktoru adını alıb.

2004-cü ildən 2010-cu ilə qədər isə Heydər Əliyev Fondun Analitik-informasiya şöbəsində fəaliyyət göstərib.

2011-ci ildən Region TV prodüser qrupunun direktoru vəzifəsini icra edib, 2014-cu ildən həmin prodüser qrupunun əsasında yaradılmış Region TV kanalının direktoru olub, 2016-cı il tarixindən ARB Media Qrupun rəhbəri, ARB-24 MMC-nin direktoru vəzifəsini icra edib.

İki gün öncə – 4 aprel 2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə MTRŞ üzvü təyin edilib.

Qeyd edək ki, indiyə qədər MTRŞ sədri Nuşirəvan Məhərrəmli idi.