Müdafiə naziri görüş keçirib

 

07

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Jak For (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik ilə görüşmüşdür.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə qonaqlar Dağlıq Qarabağ münaqişəsi, cəbhənin təmas xəttində mövcud vəziyyətlə bağlı öz təəssüratlarını bildirməklə yanaşı, Zakir Həsənovu yeni vəzifəyə təyinatı münasibətilə təbrik etmiş və ona gələcək fəaliyyətində uğurlar arzulamışlar.
Müdafiə naziri qonaqlara regiondakı vəziyyət, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsi, qaçqın və məcburi köçkünlərin mövcud problemləri, o cümlədən beynəlxalq təşkilatların münaqişənin həlli istiqamətində atdıqları addımların nəticəsiz qalması barədə fikirlərini bildirmişdir. Nazir Zakir Həsənov, həmçinin Rusiya Federasiyasının Ermənistanda yerləşən 102-ci hərbi bazasının komandirinin məlum çıxışını həmsədrlərin diqqətinə çatdıraraq bu məsələyə rəsmi səviyyədə müvafiq reaksiyanın verilməsinin vacibliyini qeyd etmişdir.
ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov bu məsələnin anlaşılmazlıq nəticəsində baş verməsini istisna etməyərək araşdırılacağına söz vermişdir.
Ölkəmizdə ordu quruculuğu sahəsindəki imkanlarının genişliyi və müasir tələblərə cavab verən Silahlı Qüvvələrin qurulması istiqamətində fəaliyyəti vurğulayan Zakir Həsənov Azərbaycanın işğal altındakı torpaqlarımızın sülh yolu ilə azad edilməsinin tərəfdarı olduğunu vurğulamışdır. Nazir xalqımızın işğal faktı ilə barışmayacağını və ərazilərimizin azad edilməsi hüququnu özündə saxladığını bildirmişdir.
Görüşdə müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov da iştirak etmişdir.