Müxalifət iqtidarla dialoqa hazır deyil

57

 

“Partiya daxilində dialoq qura bilməyənlər iqtidarla necə dialoq apara bilərlər?”

 

Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun SİA-ya eksklüziv müsahibəsi

  • Siyavuş müəllim, Cənab İlham Əliyevin media nümayəndələri ilə görüşü və bu sahədə olan bəzi problemlərlə yaxından tanış olması ictimaiyyətdə maraqla qarşılanmaqdadır. Ölkə başçısının mətbuata diqqəti daha hansı faktorlara əsaslanır?

  • Ulu Öndər Heydər Əliyev Azərbaycana ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə olduğu kimi mətbuat sahəsində də canlanma müşahidə olundu. 1993-cü ildən etibarən mətbuat dövlətimizin diqqət və qayğı ilə əhatə olunub. Ulu Öndər ölkədə söz və mətbuat azadlığının hamisi olduğunu sözdə deyil, öz əməlləri ilə sübut edirdi. Mətbuata dövlət nəzarətinin (senzuranın) ləğv edilməsi, qəzetlərin nəşriyyata olan borclarının dondurulması mətbuatın özünütənzimləməsi mexanizminin tətbiqinə şərait yaratdı. Bu da mətbuatla hakimiyyətin qarşılıqlı hörmətindən irəli gəlirdi. Jurnalistlərin dostu mükafatına ilk dəfə Ümummilli Liderin layiq görülməsi bu sahədə həyata keçirilən uğurların təzahürü idi. Görülən işlərin davamı olaraq Cənab İlham Əliyev bütün çıxışlarında mətbuatın üzərinə düşən vəzifələrdən bəhs edir, onların icrasında dövlətin hər cür dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırır. Son on ildə dövlət başçısı İlham Əliyev bu sahənin inkişafına xidmət edən bir çox uğurlara imza atıb. Jurnalistlərin dövlət tərəfindən daim mükafatlandırılması, mətbuatın yaranmasının 138 illik yubileyi münasibəti ilə jurnalistlərə mənzillərin təqdim edilməsi dövlətin mətbuatın inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir. Dünyanın heç bir ölkəsində jurnalistlər bu cür yüksək mükafatla təltif edilməyib. Bütün görülən işlərin nəticəsidir ki, Cənab İlham Əliyev ikinci dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülüb. Mükafatlandırma mərasimində ölkə başçısının media nümayəndələri ilə görüşü çərçivəsində mətbuatda olan bir çox problemlər müzakirə olunaraq, məsələlərin həlli istiqamətində tapşırıqlar verilib. İnanıram ki, yaxın zamanda bu sahədə olan mövcud problemlər öz həllini tapacaq.

  • Bəzi müxalifət nümayəndələri bu görüşün əhəmiyyətini aşağı salmağa çalışırlar. Bununla onlar hansı məqsəd güdürlər?

  • Bəzi mətbu orqanların ümumi deyil fərdi problemləri var. Hər hansı bir qəzetin satışı və yaxud məmurla jurnalist arasında yaranan problemlər olur ki, buna da ümumi baxmaq düzgün deyil. Kiməsə şər, böhtan atırlarsa, məmurların şərəf və ləyaqətlərinin alçaldaraq məhkəməyə cəlb olunurlarsa burada dövlətin, iqtidarın günahı yoxdur. Burada bilavasitə mətbuat orqanının günahı var ki, sensasiya arxasınca qaçaraq, cəmiyyətə düzgün olmayan məlumatlar çatdırırlar. Nəticə etibarı ilə hansı mətbuat orqanı olmağından asılı olmayaraq məhkəmə tərəfindən məsuliyyətə cəlb olunurlar. Media nümayəndələri məsələyə hər zaman adekvat yanaşmağı bacarmalıdır. Bu hallar Mətbuat Şurasında müzakirə olunmalı, mətbuat nümayəndələrinə tövsiyələr verilməlidir. Dövlət tərəfindən müxalifət mətbuatına, iqtidar mətbuatı ilə eyni səviyyədə maddi vəsait ayrılıb, onların da nümayəndələri mükafatlarla təltif edilib, onlara da mənzillər verilib. Burada heç bir ayrı seçkilik yoxdur. Ancaq bəzi müxalifət nümayəndələri hər bir məsələni öz çirkin məqsədlərində istifadə edirlər. Ona görə də demək istəyirəm ki, burada hər hansı bir çirkin məqsəd axtarmağın əsası yoxdur.

  • Müxalifət düşərgəsində iqtidar-müxalifət dialoqu yenidən gündəmə gətirilib. Xüsusilə də, müxalifət mətbuatında bu məsələ daha çox qabardılır. Buna sizin münasibətiniz necədir?

  • Bu mövzu prezidentin mətbuat nümayəndələri ilə görüşündən sonra gündəmə gətirilib. İqtidar hər zaman dialoqa hazır olub. Amma bir sıra siyasi partiyalar var ki, onlar buna hazır deyil. Ölkənin bir sıra taleyüklü məsələlərində, Dağlıq Qarabağ münaqişəsi, ərazi bütövlüyü, dövlətimizə qarşı ayrı-ayrı xarici dövlətlərin təziqi məsələləri ilə əlaqədar bütün siyasi partiyalar özlərinin mövqeyini ortaya qoyaraq fikir mübadiləsi apararaq həmrəlik nümayiş etdirərlər. Çox təəssüf olsun ki, bəzi siyasi partiyalar Azərbaycana qarşı düşmənçilik mövqeyindən çıxış edirlər. Bunlar hansı dialoqdan bəhs edirlər, aydın deyil. Partiya daxilində dialoq qura bilməyənlər iqtidarla necə dialoq apara bilərlər?

Bir məsələni qeyd etmək istərdim ki, Yeni Azərbaycan Partiyası Dağlıq Qarabağ və Xocalı soyqırımı ilə bağlı BMT-yə müraciət göndərdi. Azərbaycanda bəzi radikal mövqedə dayanan partiyalar bu bəyanata qol çəkməkdən boyun qaçırdılar. Sonra da belə bir məsələ qaldırdılar ki, niyə bəzi müxalifət partiyaları iqtidar partiyası ilə eyni sənədə qol çəkib. Bu baxımdan söyləyirəm ki, onlar hələ YAP-la dialoqa hazır deyillər. Nə vaxt hazır olsalar bu dialoq baş tutacaq.

  • “Milli Şura”da həmsədrlik ideyasının reallaşmaması və bu ideya ətrafında münasibətlərin daha da kəskinləşməsi qurumun fəaliyyətinə daha hansı təsir göstərə bilər?

  • “Milli Şura” da vəziyyət gərgin olaraq qalmaqdadır. Artıq Müsavat Partiyasının nümayəndələri də vaxtilə bizim dediyimiz fikirlə razılaşırlar. İstənilən bir siyasi təşkilat elm adamlarının diktəsi ilə deyil, siyasətçilər tərəfindən idarə olunmalıdır. Onların prezident seçkilərindəki uğursuzluğu bu təşkilatın səriştəsizliyindən xəbər verdi. İndi də 2015-ci ildə keçiriləcək parlament seçkilərini hədəfə götürüblər. Buradan aydın görünür ki, orada cəmləşən partiya nümayəndələri parlament seçkilərinə “Milli Şura”nın tərkibində qatılmaq istəmirlər. Bu da təbii haldır. “Milli Şura”nın taleyini “İctimai Palata”nın taleyi gözləyir.

İkinci bir məsələ isə ondan ibarətdir ki, siyasi partiyalar “Milli Şura” da sədrliyi ələ keçirtmək istəyirlər. Həmsədrlik məsələsi də ondan qaynaqlanır.

  • Qeyd etdiniz ki, “Milli Şura” 2015-ci il parlament seçkilərini hədəf götürüb. Prezident seçkilərində məğlub olmuş düşərgənin parlament seçkilərinə iddiası nə dərəcədə doğrudur?

  • Bunlar sadəcə ətraflarında qalan üç-beş insanı bu kimi vasitələrlə şirnikləndirirlər ki, bu və ya digər formada siyasi fəaliyyətlərini davam etdirə bilsinlər. Onlar heç vaxt bələdiyyə seçkilərinə 30 nəfərdən artıq namizəd verə bilməyiblər. Azərbaycanda 20 mindən çox bələdiyyə seçilir ki, onun heç on faizini müxalifət nümayəndələri təşkil edə bilmir. O cümlədən 2014-cü il bələdiyyə seçkilərini arxa plana keçirərək, parlament seçkilərini önə çıxarırlar. Bu da bəzi beynəlxalq təşkilatları, ətraflarındakı insanları itirmək qorxusundan irəli gəlir.