Nazir əmr verdi: imtahan qərargahları yaradılsın

07

 

Təhsil naziri Mikayıl Cabbarov imtahan sessiyasının təşkili və keçirilməsi barədə əmr imzalayıb.

Təhsil Nazirliyindən Lent.az-a verilən xəbərə görə, ali və orta-ixtisas təhsili müəssisələrində 2013/2014-cü tədris ilinin payız semestrinin imtahan sessiyasını (bundan sonra imtahan sessiyası) mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə imzalanan əmrə əsasən ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını, rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı yaratsınlar və qərargaha daxil olan hər bir şikayətin qısa müddətdə operativ şəkildə araşdırılmasını təmin etsinlər, imtahan sessiyasında şəffaflığı təmin etmək üçün imtahanlarda ictimaiyyətin və valideynlərin iştirakına şərait yaratsınlar. Bundan əlavə, ali məktəb rəhbərləri imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görməli, rəhbərlik etdikləri təhsil müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşımalı, sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətinə Təhsil Nazirliyinə yekun hesabat verməlidirlər.

Təhsil nazirinin müşavirləri, Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili və Daxili nəzarət şöbələrinə tapşırılıb ki, imtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində təhsil müəssisələrində baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdırsınlar və onların yol verilməsində günahı olan şəxslər barədə tədbir görmək üçün təkliflər hazırlasınlar, ali və orta ixtisas təhsili müəssisələrində payız semestrinin imtahan sessiyalarının nəticələrini təhlil edib müvafiq arayışları müzakirəyə təqdim etsinlər.

Əmrin icrasına nəzarəti təhsil naziri öz üzərinə götürüb.