Onların qarşısı alınmalıdır

4

 

“Dövlət onların problemlərindən yaxasını bir dəqiqə də olsun kənara çəkməyib…” 

 

“Azərbaycanda gənclərlə iş dövlətin, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi son 10 illik fəaliyyətin əsas prioritet istiqamətlərindən birdir və bir gün də olsa bu dövlətin diqqətindən kənarda qalmır”.

Xalq.az  SİA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Əli Həsənov bildirib ki, gənc nəsil bahar mövsümündə açılan çiçəyə bənzəyir, ona görə də dərhal ayrı-ayrı yad təsirlər, milli-mənəvi dəyərlərə yad yanaşmalar və digər təsirlər onları sağlam yoldan sapdıra bilər: “Bu anlamda Azərbaycan gəncliyinin milli və vətənpərvər ruhda tərbiyə olunması, milli varlığımıza, dəyərlərimizə sahiblik hisslərinin aşılanması, milli ənənələrin güclü olması, Azərbaycan dövlətinə sahib olmaq üçün milli iradəyə, bacarığa, biliyə sahib olmaq istiqamətində görülən işlər Azərbaycan gəncliyinin beynəlxalq aləmdə rəqabətə davamlı gənclər kimi böyüdülməsi, tərbiyə olunması, təhsillənməsi, elmə yiyələnməsi Azərbaycan dövlətinin gündəlik qayğısıdır və dövlət bu qayğıdan da bir addım geri çəkilmir”.

PA rəsmisi deyib ki, Azərbaycan dövlətinin gəncliyə töhfəsi bunlarla yekunlaşmır: “Azərbaycan dövləti gənclərin digər problemlərini, mənzil-məişət, ailə, iş və digər problemlərini gündəlik şəkildə müxtəlif qurumlar və dövlət proqramları vasitəsi ilə həyata keçirir. Bu anlamda Azərbaycan gənclərindən bu və ya digər məsələlərə yanaşma, tələblər, onlardan umduğumuz məsələlərdə haqlıyıq. Çünki dövlət gəncləri heç vaxt taleyin hökmünə buraxmayıb, buraxmır və gələcəkdə də buraxmayacaq. Dövlət onların problemlərindən yaxasını bir dəqiqə də olsun kənara çəkməyib, çəkmir və gələcəkdə də çəkməyəcək. Azərbaycan dövləti öz dövlətinə söykənir, siyasətini dəstəkləyir, bacardığı və öz imkanları çərçivəsində dövlətə xidmət göstərir. Lakin bu gəncliyi dövlətə qarşı, dövlətçilik yolundan sapdırmaq istəyən insanlar, qüvvələr var ki, onların qarşısı alınmalıdır”.