“Pandemiyaya qarşı mübarizə üsulumuz dünya dövlətləri üçün “yol xəritəsidir” – Deputat

Azərbaycan rəhbərinin və dövlətimizin pandemiyaya qarşı mübarizə istiqamətində gördüyü müsbət işlər artıq bir tək bizlərin deyil, bütün dünyanın diqqət mərkəzindədir. Pozitiv məqamları yalnız biz deyil, hər kəs görür, təqdir edir və alqışlayır. Bu isə o deməkdir ki, düz yoldayıq və cənab Prezidentin sərgilədiyi fəaliyyət, verdiyi qərarlar, atılan operativ addımlar hər zaman olduğu kimi yenə də vətəndaşın qorunmasına, Azərbaycan xalqının dövlət qayğısı ilə əhatə olunmasına yönəlib” – XALQ.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev Türkiyənin “Haber Qlobal” – televiziya kanalında Azərbaycan haqda hazırlanan reportaja münasibət bildirərkən söyləyib.

“Çox təəssüf ki, bir çox dünya dövlətləri məlum pandemiyaya qarşı sistemli mücadilə apara bilmədilər. Üstəlik, rabitə pozuldu, hamının başı özünə qarışdı, eyforik vəziyyət yarandı, kimsə digərini görmədi. Amma məlum vəziyyətdə belə Azərbaycan fərqli idi. Ölkəmiz öz həmrəylik vərdişinə və ümumbəşəri dəyərlərin qorunması ənənəsinə bu vəziyyətdə də sadiq qaldı. Dediyimə misal olaraq ən böyük komplekslərimizin dəstək fonunda pandemiyadan əziyyət çəkən dost ölkələrin bayraqlarına bürünməsini göstərmək olar. Yəni, Azərbaycan hətta ən kritik məqamda da bir tək özünü deyil, hamını düşünür, hamını dəstəkləyir, hamını görür və hamının dərdinə şərikdir.

Azərbaycan həm də nümunədir. Ən qısa müddətdə görülən işlərə nəzərən. Və bunu bir tək qardaş Türkiyənin mediası deyil, İtaliyanın, İspaniyanın, Macarıstanın, Almaniyanın nüfuzlu mətbu orqanları da deyir. Ayrıca, onlar bir tək təbliğ etmirlər, həm də təqdir edirlər, ətrafa, dünyaya məlum pandemiyadan xilas olmaq üçün Azərbaycanın timsalında “yol xəritəsi” göstərirlər.

Koronavirusla mübarizə isə davam edir. Bundan sonra da davam edəcək. Ardıcıllıqla. Rentabelli. Məhsuldar formada. Zatən məlum virusun qarşısında aciz qalmayacağımıza dair ən böyük inamımız, əminliyimiz, güvənimiz də məhz dövlətin gücü və rəhbərimizin qətiyyəti ilə bağlıdır.

Bu arada, Türkiyənin “Haber Qlobal” telekanalına da xüsusi təşəkkürümü bildirirəm. Gerçəkliyi, reallığı olduğu kimi təsvir etdiyi üçün” – deyə Partiya sədri fikirlərinə davam edib.

XALQ.AZ