Pirallahıda “Donor günü” keçirildi

P-1
Bakı şəhərinin Pirallahı rayonu sürətli inkişaf yolu ilə inamla irəliləyir. İctimai-iqtisadi sferada uğurlar qazanan rayonda müxtəlif sosial yönümlü, humanist aksiyaların keçirilməsi də artıq ənənə şəklini almışdır. Təqdirəlayiq haldır ki, rayon sakinləri, xüsusən Yeni Azərbaycan Partiyasının üzvləri hər dəfə bu tədbirlərin ən fəal iştirakçılarına çevrilirlər. Növbəti aksiya aprelin 25-də Pirallahı rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Pirallahı Rayon Təşkilatının birgə təşəbbüsü ilə partiyanın qərargahında təşkil edilmiş ümummilli lider Heydər Əliyevin 91 illiyinə həsr edilən “Donor günü” oldu.
XALQ.AZ xəbər verir ki, artıq səhər saatlarından YAP Pirallahı Rayon Təşkilatının önündə böyük izdiham vardı. Bura toplaşan partiya fəalları talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqlara kömək məqsədilə qan vermək üçün öz növbələrini gözləyirdilər. B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının həkim briqadası Qərargahda əsl səyyar qanköçürmə stansiyası yaratmışdı. Tibbi heyət ilk növbədə könüllüləri müayinədən keçirir və sağlamlığı donor olmağa imkan verən şəxsləri qan götürüləcək otağa dəvət edirlər. İlk olaraq YAP Pirallahı Rayon Təşkilatının sədri Manaf Manafov, Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları qan verirlər.
” Xalqımızın ümummilli lideri, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyev uşaqları çox sevirdi və daim onların sağlamlığı qayğısına qalırdı, – deyir Manaf Manafov. – Bu gün biz, Yeni Azərbaycan Partiyası üzvləri Ulu Öndərimizin şanlı yolunu layiqincə davam etdirmək üçün var gücümüzlə çalışırıq. Pirallahı rayonunda dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünü yüksək səviyyədə keçirmək məqsədilə YAP Pirallahı Rayon Təşkilatı tərəfindən Tədbirlər planı hazırlanmış və təsdiq edilmişdir. Bu günkü qanvermə aksiyası da həmin Tədbirlər planında nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramının icrası ilə əlaqədar reallaşan və eyni zamanda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən humanist aksiyada partiya fəallarımız geniş şəkildə iştirak etmək əzmindədirlər.
YAP Pirallahı Rayon Təşkilatının sədri bu önəmli aksiyaya hazırlıq işlərinin öncədən aparıldığını deyir. Rayon ərazisində elanlar asılıb, idarə və müəssisələrdə YAP-ın ilk təşkilatlarında yığıncaqlar keçirilib, sakinlərlə fərdi söhbətlər aparılıb, həkimlər qanvermənin insan orqanizminə müsbət təsirindən danışıblar, – deyə M.Manafov qeyd edir. Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşı Həsən Cəfərzadə sağalmaz bəlaya düçar olmuş uşaqlara kömək xarakteri daşıyan belə humanist aksiyaların gözəl ideya kimi YAP üzvləri, bütövlükdə Pirallahı sakinləri tərəfindən ürəkdən dəstəkləndiyini, həmçinin savab əməl olduğunu vurğulayır.
YAP Pirallahı Rayon Təşkilatından aldığımız məlumata görə “Donor günü”ndə bütövlükdə 200 nəfərdən çox insan iştirak etmişdir. Bu isə yüzlərlə körpə fidanın həyatının xilas edilməsi, onlarla ailəyə sevinc bəxş olunması deməkdir.
P-2
P-3
P-4