Poçt şöbələrindən kredit almaq olacaq

Poct

Poçt şöbələri tədricən banklara çevriləcək. Daha doğrusu, bankların bəzi əsas funksiyalarını yerinə yetirəcək. Hətta gələcəkdə kreditləşmə də mümkün ola bilər.

Xalq.az-ın verdiyi məlumata görə, tezliklə vətəndaşlar poçt şöbələrindən də kredit götürmək imkanı əldə edəcəklər. Bu “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin kreditləşmə sahəsində xidmətlər göstərməsi sayəsində mümkün olacaq. İlkin olaraq vətəndaşlara 5000 AZN-ə qədər kreditin verilməsi nəzərdə tutulub, tədricən isə bu məbləğin artırılması da mümkündür. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin poçt şöbəsinin müdiri Novruz Məmmədov deyir ki, əvvəlki mərhələdə “Azərpoçt” hər hansı bankla birgə əməkdaşlıq çərçivəsində bu xidməti göstərə bilər. Gələcəkdə isə kredit verilişini sərbəst şəkildə həyata keçirə bilər. Poçt şöbələrin də bu xidmətin bir sıra üstünlükləri olacaq.

Novruz Məmmədovun sözlərinə görə, digər banklardan fərqli olaraq “Azərpoçt” ölkənin bütün ərazisini əhatə edir. Kənddə yaşayan hər bir insan artıq rayon mərkəzinə gəlməyə bilər.

Eyni zamanda, təklif olunan faiz dərəcələri banklarla müqayisədə aşağı olacaq. Kreditlərin ayrılması üçün nəzərdə tutulan maliyyə resursu isə vətəndaşlardan qəbul edilən əmanətlər və “Azərpoçt”un öz vəsaitləri hesabına formalaşacaq. Kreditlərin əsasən fiziki şəxslərə və xüsusən də regionlarda kənd təsərrüfatını inkişaf üçün ayrılması nəzərdə tutulub.

Novruz Məmmədov deyir ki, vətəndaşlar sənədlərini yaxın ərazidəki poçt şöbələrinə təqdim edəcəklər.

Bu xidmətin tezliklə reallaşması üçün “Poçt haqqında” qanuna dəyişiklik edilməlidir. Artıq “Azərpoçt” bu məsələ ilə bağlı təkliflərini hazırlayıb və ilin sonuna qədər Milli Məclisə təqdim edəcək. Qanuna dəyişiklik edildikdən sonra lizensiya almaq üçün Mərkəzi Banka müraciət ediməsi nəzərdə tutulub.