“Qarabağ erməniləri bunu nə qədər tez dərk etsə, o qədər yaxşıdır” – Könül Nurullayeva

“Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola salınan humanitar yardım Qarabağ erməniləri tərəfindən qəbul olunmalıdır. Çünki Ermənistan dünya ictimaiyyətini dezinformasiyalarla aldatmağa can atır, guya Qarabağ ermənilərinin humanitar fəlakətlə üz-üzə qaldığına inandırmağa çalışır. Amma Bakıdan gedən humanitar yükün hələ də qəbul olunmaması bir daha göstərir ki, “humanitar fəlakət”lə bağlı səslənən iddiaların heç bir əsası yoxdur. Qarşı tərəf sadəcə manipulyasiya ilə məşğuldur”.

Bu fikirləri   Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Millət vəkili bildirib ki, sözügedən məsələ bir daha Ağdam-Xankəndi yolunun istifadəsinə məqsədyönlü şəkildə Ermənistan və qondarma rejim tərəfindən süni əngəllər yaradıldığını sübut edir:

“AzQAC-ın əməkdaşları isə bildirir ki, gətirdikləri ərzaq yükləri Xankəndidəki erməniəsilli sakinlərə çatdırılana qədər burada qalacaqlar. Yəni, bu humanitar məqsəd dəyərləndirilməlidir. Fransadan və ya başqa ölkədən siyasi məqsədlər naminə “humanitar yardım” adı altında həyata keçirilən addımların erməniəsilli şəxslərə faydası olmayacaq. Çünki onlar Azərbaycan vətəndaşlarıdır və gec-tez reinteqrasiya prosesi başlamalıdır. Fransa kimi təxribatçı mövqe sərgiləyənlər bu bölgədə sülhün yox, gərginliyin tərəfdarıdırlar. Qarabağ erməniləri bunu nə qədər tez dərk etsə, o qədər yaxşıdır”.

K.Nurullayevanın sözlərinə görə, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşlarının əsas məqsədi Qarabağda yaşayan erməniəsilli vətəndaşlara humanitar yardım göstərməkdir:

“Həmin vətəndaşlar da radikal qüvvələrə, onları öz siyasi məqsədləri naminə alət kimi istifadə edənlərlə mübarizə aparmalıdırlar. Anlamalıdırlar ki, onlar Azərbaycan torpaqlarında yaşayırlar və Azərbaycan qanunlarına tabe olmaqdan başqa yol yoxdur. Rəsmi Bakının reinteqrasiya təklifi yeganə və ən optimal çıxış yoludur. Bölgədə dayanıqlı sülh və təhlükəsizliyin də yolu budur. Bakı yeni eskalasiya tərəfdarı deyil. Amma kənar dairələrin təsiri ilə burada baş verəcək istənilən təxribatın da təbii ki, cavabı həmişə olub və bundan sonra da olacaq. Bunu erməni separatçıları da, onun havadarları da unutmamalıdır”.