Qaradağda torpaq biznesi

1

 

 

Süleyman Mikayılovun gizli “torpaq iclası”

 

Qaradağın icra başçısı bələdiyyə sədrlərinə və icra nümayəndələrinə “döyüş tapşırığı” verdi XALQ.AZ-A daxil olan məlumata görə Qaradağ rayon İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov rayon ərazisində istifadəsiz olan torpaqların müəyyənləşdirilərək təcili olaraq satılması haqda əmr verib. Mənbənin sözlərinə görə, bu məqsədlə yaxınlarda bələdiyyə sədrlərinin və icra nümayəndələrinin iştirakı ilə gizli toplantı keçirən icra başçısı onların qarşısında konkret tələblər qoyub. Həmin tələblərə görə onlar çox qısa zamanda rayon ərazisindəki boş torpaqların xəritəsini hazırlamalı, bundan sonra isə sözügedən ərazilər satışa çıxarılmalıdır. Mənbəmiz iddia edir ki, iş adamları ilə həmin torpaqların sərfəli satış sövdələşməsini edən Süleyman Mikayılov təkcə bu əməliyyatdan küllü miqdarda vəsait qazanmağı düşünür. Onun bu məqsədini asanlıqla reallaşdıracağına isə şübhəmiz yoxdur, ən azından ona görə ki, icra başçısı bu kimi işlərdə kifayət qədər təcrübəlidir. Hər halda onun bu günə qədərki fəaliyyəti belə düşünməyə əsas verir. Gəlin, onlardan bəzilərinə nəzər salaq… Büdcədən kifayət qədər maliyyə vəsaitinin ayrılmasına baxmayaraq Qaradağ rayonunun abadlaşdırılması yönündə tədbirləri yetərli saymaq olmaz ki, bu da birbaşa həmin vəsaitlərin mənimsənilməsi ilə bağlıdır. Rayon mərkəzində bəzi estetik dəyişikliklər aparılsa da, Lökbatan qəsəbəsində vəziyyətin necə ağır olduğu ortadadır. Belə ki, qəsəbədaxili və qəsəbəarası yollar ucqar dağ kəndlərinin yollarını xatırladır. Yeni salınmış yaşayış massivlərinə isə gediş-gəliş olduqca çətindir. Amma buna baxmayaraq icra başçısı iş adamlarına məxsus obyektləri sökərək onların yerində özünə və özünə yaxın şəxslərə obyekt tikdirir. Təkcə Lökbatan qəsəbəsində bu illər ərzində xeyli obyekt əldə edə bilib. O, hətta özü üçün tikdirdiyi obyektin açılışını dövlət səviyyəsində edir, bu tədbirlərə isə rayonun bütün rəsmi şəxsləri və müəssisə rəhbərləri, eləcə də işçiləri qatılır. Prezident bu rayondakı tədbirlərdə iştirak edərkən onun gedəcəyi yerlərin ətrafı qismən abadlaşdırılır, ondan 30 metr aralı isə vəziyyət öz dözülməzliyində qalır. Bunu bütün qəsəbələrdə müşahidə etmək mümkündür. Büdcədən ayrılan vəsaitin isə hara getdiyi məlum deyil. İndi rayonun büdcəsi milyonlarla ölçülür. Bu pulun hara xərclənməsi isə bəlli deyil. Yayılan digər məlumatda isə bildirilir ki, hələ ötən il icra başçısı Lökbatan qəsəbəsindəki bazarı qanunsuz olaraq özəlləşdirməklə 4 milyon 800 min manat mənimsəyib. Lökbatan qəsəbəsi, “28 May” küçəsində yerləşən kolxoz bazarı Mikayılovun göstərişi ilə ələ keçirilib. Bununla bağlı dəfələrlə Prezident Adminstrasiyasına və müvafiq qurumlara şikayət edilsə də, icra başçısına “gözün üstə qaşın var” deyən olmayıb. 2 il öncə isə Hərbi Hava Hücumundan Müdafiə qərargahının sığınacağını bərbad vəziyyətə salmış və onun yanında özünə ictimai iaşə obyekti tikmişdi. Bundan başqa, Lökbatan qəsəbəsi “28 May” küçəsindəki uşaq parkında icra başçısına məxsus olduğu deyilən “Cırtdan kafesi” inşa olunub Daş karxanalarına gəlincə isə məlumata görə,, Süleyman Mikayılov bütün karxanalarda da pay sahibidir. Çox maraqlıdır ki, karxanalara maliyyə nəzarətini Qaradağ rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Rasim Əhmədov həyata keçirir. Rasim Əhmədovun bir ay ərzində karxanalardan icra başçısının adı altında təxminən 120-150 min manata yaxın pul yığdığı iddia olunur. Göründüyü kimi, Süleyman Mikayılov idarəçilikdə naşı olsa da pul qazanmaq işində kifayət qədər təcrübəlidir. Odur ki, onun rayon ərazisindəki boş torpaqların satışından da karlı çıxacağı şübhə doğurmur.

 

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq