Rauf Arifoğlu ilə İqbal Ağazadə rəqib oldu

Yeni Müsavat Media Qrupunun rəhbəri: ”Parlament seçkilərində iştirak edirəm, seçicilərimi, media ictimaiyyətini və dostları dəstəyə səsləyirəm”. 

Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğlu Milli Məclisə seçkilərdə iştirak edəcək. 

XALQ.AZ xəbər veriri ki, bu barədə Rauf Arifoğlu özünün Facebook profilində xüsusi açıqlama ilə çıxış edib. Açıqlamanın mətnini oxucuların diqqətinə çatdırırıq.

Bu gün seçki hüququmdan istifadə edərək, 35 saylı Xətai 3-cü seçki dairəsindən deputatlığa namizədliyimi irəli sürdüm. Bunun üçün lazım olan sənədləri səlahiyyətli nümayəndəm DSK-ya təqdim etdi.

– Niyə Xətai, niyə 35?
– Bu dairə kimindir? Passiv seçki hüququ olan hər bir Azərbaycan vətəndaşının, indiki deputat Araz Əlizadənin, dostum İqbal Ağazadənin, yoxsa mənim?
– Kimin şansı nə qədərdir?
– Arifoğlu gəldi, Əlizadə gedəcəkmi, parlament əlizadəçilik utancından qurtulacaqmı?
– Seçkilərin gedişində kiminsə xeyrinə namizədliyimdən imtina edə bilərəmmi?
Bu və başqa suallara növbəti statusumda cavab yazacam. Detallı və səmimi!

İndi isə bu bəyanımı edərək, bütün dostları, media ictimaiyyətini, Xətai 35 saylı 3-cü Seçki Dairəsində yaşayan Facebook istifadəçilərini dəstəyə səsləyirəm.

Seçki təcrübəsi olan fəalları, siyasi texnoloqları, ziyalıları, gənc könüllüləri, tələbələri seçki qərərgahıma dəvət edirəm. Gəlin Azərbaycan üçün, demokratiya və haqlar uğrunda birgə çalışaq!

Birlikdə Azərbaycanda ən nümunəvi bir kampaniya keçirdək! Yeni ilin ən gözəl hadisəsini bərabər hazırlayaq!

Sayğılarla, Rauf Arifoğlu, Yeni Müsavat Media Qrupunun rəhbəri

(Daha detallı və bütün suallarla bağlı irəliləyən saatlarda yazacam)”.

Rauf Arifoğlunun bu qərarı çox böyük sensasiya kimi qarşılanıb. Çünki həmin dairənin əsas favoriti Ümid Partiyasının sədri İqbal Ağazadə hesab edilirdi. Bu iki şəxsin həm də yaxın dost olduqlarını nəzərə alsaq, onda sözügedən dairədə biz olduqca gərgin və maraqlı seçki yarışmasının şahidi olacayıq.

Orxan