“Rayonlarda bilik günü”-1

Balakən rayon ümumtəhsil məktəblərində “Bilik günü” qeyd olunub.

Azərbaycanın hər bir guşəsində böyük bayram sevinci və yüksək əhvali-ruhiyyə ilə qeyd edilən “Bilik günü” münasibətilə Balakən rayon ümumtəhsil məktəblərində ənənəvi tədbirlər keçirilib.

Bu il inşa olunaraq istifadəyə verilən 360 yerlik Şərif kənd tam orta məktəbində 15 sentyabr “Bilik günü” münasibətilə keçirilən tədbirdə çıxış edən Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təhsilin inkişafına, müəllimlərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, bu gün də təhsil sahəsinin möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı siyasətin prioritet sahələrindən biri olduğunu qeyd etdi.

Bildirildi ki, ölkəmizdə müasir standartlara cavab verən ümumtəhsil ocaqları tikilib, bu isə öz növbəsində gənc nəslin savadlı və sağlam əqidəli yetişməsinə xidmət edir. İslam Rzayev vurğuladı ki, respublikamızın hər yerində olduğu kimi Balakən rayonunda da təhsil yüksələn xətt üzrə inkişaf edir və hər il əldə etdiyi uğurlarla diqqəti cəlb edir. Son illər Balakəndə 32 yeni məktəb binası inşa edilib, 3 məktəb əsaslı təmir olunub. Azərbaycan dövləti ümumi təhsilin inkişaf etdirilməsi, məktəblərimizin sözün əsl mənasında bilik, savad mərkəzinə çevrilməsi üçün lazımi tədbirlər görür. Bütün bunlar uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkil olunmasına, onların sağlamlığının qorunmasına imkan yaradır.

Sonda İslam Rzayev belə bir əlamətdar gün-“Bilik günü” münasibətilə pedaqoji kollektivi, şagirdləri, valideynləri təbrik etdi, bu il məktəbə ilk dəfə qədəm qoyan birincilərə uğurlar diləyərək hər birinin gələcəkdə dövlətimiz və cəmiyyətimiz üçün savadlı və yararlı vətəndaş olaraq yetişmələrini arzuladı.

Tədbirdə rayon Təhsil Şöbəsinin müdir əvəzi Cavanşir Alqayev, 5 saylı Ərazi Hesablama Mərkəzinin rəisi Şahruddin Qallacov çıxış edərək məktəbliləri “Bilik günü” münasibətilə təbrik ediblər.

Sonda məktəbə ilk dəfə qədəm qoyan birincilərlə xatirə şəkli çəkdirilib.

****

Niyazi Bayramov “Bilik günü”münasibətilə Gəncə şəhər 39 nömrəli tam orta məktəbdə olub

Gəncənin ümumtəhsil məktəblərində “Bilik günü” qeyd edilib. Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə iştirak edib, təhsil müəssisəsinin valideyn, müəllim və şagird kollektivini “Bilik günü” və yeni dərs ilinin başlaması münasibəti ilə təbrik edib.

O bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş təhsil islahatı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Son illər Heydər Əliyev Fondunun xətti ilə bir çox məktəbdə əsaslı təmir və yenidənqurma işləri aparılıb, yeni tədris korpusları inşa edilib.  Təhsil ocaqlarında yaradılan bu şərait təhsilin inkişafından xəbər verir. Gəncə məktəblərindən məzun olan şagirdlərin qəbul imtahanlarında əldə etdikləri uğurlar sevindiricidir. Bu nailiyyətlərin davamlı olacağına, daha da yüksək nəticələrin əldə ediləcəyinə inam ifadə olunub.

M.Paşayev adına 39 nömrəli tam orta məktəbin direktoru Nizami Rzayev çıxış edərək,  göstərilən  diqqət və qayğıya  görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib. O qeyd edib ki, hazırda məktəbdə 2700 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 185 müəllim məşğul olur. Şagirdlər 99 sinifdə komplektləşdirilblər. 2017-2018-ci tədris ilində 39 nömrəli tam orta məktəbi 134 şagird bitirib. Onlardan 121 nəfəri ali məktəblərə sənəd verib, 86-sı tələbə adını qazanıb. Ali məktəblərə qəbul imtahanlarında 5 nəfər 600-dən, 20 nəfər isə 500-dən yuxarı bal toplayıb. Məktəbin qəbul faizi 71% təşkil edib.

Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov bildirib ki, Gəncənin 46 tam orta məktəbində 40 083 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 3868 müəllim məşğul olur. Gəncədə fəaliyyət göstərən məktəblərdə təhsil almaq üçün 4200 şagird elektron qeydiyyatdan keçib. Onlar 183 sinifdə komplektləşdirilblər.

Tədbirdə məktəbin valideyn və şagirdləri də çıxış ediblər. “Bilik günü”nə həsr olunan şeirlər səsləndirilib. Daha sonra musiqi və alqış sədaları altında 2018-2019-cu tədris ili üçün “İlk zəng” çalınıb.

****

Binəqədidə bayram tədbirləri keçirilib

****

Bərdə rayonunda “Bilik günü”ndə “Modul tipli” 2 yeni məktəb binası istifadəyə verildi.

Sentyabrın 15-də Bərdə rayonunun ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması münasibətilə təntənəli mərasimlər keçirildi. Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, hüquq –mühafizə orqanlarının məsul nümayəndələri rayonun “Bilik günü” tədbirlərində iştirak etmişlər.
Rayonun bütün ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması və “Bilik günü” tədbirləri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır.
Bilik günündə Qaratəpə kənd ümumi orta məktəbi üçün 80 şagird yerlik, Hacılar kənd ümumi orta məktəbi üçün 80 şagird yerlik “Modul tipli” yeni məktəb binaları müəllim və şagirdlərin istifadəsinə verildi.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev mərasimləri açaraq müəllimləri və məktəbliləri, bütün rayon ziyalılarını yeni dərs ilinin başlanması və “Bilik günü”, həmçinin yeni tikilmiş  Qaratəpə və Hacılar kənd ümumi orta məktəb binalarının açılışı münasibətilə təbrik edib, ölkədə təhsilə göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu sahədəki xidmətlərindən danışdı. Bildirdi ki,  respublikanın hər yerində olduğu kimi, Bərdə rayonunda da yeni məktəb binalarının tikintisi, mövcud məktəblərin əsaslı təmiri diqqət mərkəzindədir. Hazırda ABŞ-ın Ordu korpusu tərəfindən Güloğlular kənd  ümumi orta məktəb üçün 220 şagird yerlik məktəb binasının tikintisi başa çatmışdır. Tezliklə bu təhsil ocaqları da istifadəyə veriləcək.
Açılışda hər iki kənd məktəbinin müəllim, şagirdlərinin və ictimaiyyətin nümayəndələri göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Məktəb şagirdləri kompozisiya ilə çıxış etdilər.
Sonra tədbir iştirakçıları məktəblərdə yaradılmış şəraitlə tanış oldular. Yeni məktəb binalarında fənn kabinələri, sinif otaqları,  kitabxana, xidməti otaqlar, istilik sistemi yaradılıb, təhsil ocaqları lazımi inventar və avadanlıqla təmin olunub.

****

15 Sentyabr – Bilik günü münasibətilə rayonun təhsil və mədəniyyət ocaqlarında silsilə tədbirlər keçirildi

Hər bir məktəblinin və müəllimin səbirsizliklə gözlədiyi 15 sentyabr – «Bilik günü» Pirallahı rayonunun bütün orta təhsil müəssisələrində böyük təntənə və bayram əhval-ruhiyyəsi ilə qeyd olundu. Əlamətdar günlə bağlı rayonun bütün orta məktəblərində böyük hazırlıq işləri aparılmış, yeni dərs ilinin ilk günü üçün rəngarəng və maraqlı tədbirlər hazırlandı. Yeni dərs ilinin açılış mərasimlərində Pirallahı Rayon İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları, müəllimlər, valideynlər, ictimaiyyətin nümayəndələri iştirak etdilər.
Qeyd edək ki, Qeyd edək ki, 2017-2018-ci tədris ilində Pirallahı rayonunda 285 uşaq ilk dəfə məktəbin qapısını açmışlar. 2017-2018-ci tədris ilində Pirallahı rayon məktəblərini 177 məzun bitirmişdir. 131 nəfər ali məktəblərə qəbul üçün sənəd vermiş və ilkin nəticələrə görə 101 nəfər qəbul olmuşdur. Məktəbi bitirənlərin sayına nisbətən sənəd verənlər 74 %, sənəd verənlərin sayına nisbətən qəbul 77 % olmuşdur. Bu isə keçən illə müqayisədə məktəbi bitirənlərin sayına nisbətən sənəd verənlər 18 % çox,  sənəd verənlərin sayına nisbətən qəbul isə  3 % azdır. Beləliklə keçən ilə müqayisədə qəbul olunanların sayı 19 nəfər çoxluq təşkil edir. 2017-2018-ci tədris ilində ali məktəblərə qəbul olanların 21 nəfəri (21 %) 200-dən 300-dək bal, 17 nəfəri (17 %) 300-400 bal arası, 21 nəfəri (21 %) 400-500 bal arası, 15 nəfəri (15%) 500-600 bal arası,  6 nəfəri (6 %) isə 600-dən yuxarı bal toplamışdır. keçən illə müqayisədə 400-500 bal toplayanlar 6 nəfər, 500-600 bal toplayanlar 6 nəfər, 600-dən yuxarı bal toplayanlar isə 3 nəfər çoxdur. Sevindirici haldır ki, bu il rayon tarixində bir nəfər ilk dəfə olaraq 168 nömrəli tam orta məktəbin şagirdi Məmmədzadə Leyla Teyyub qızı 687 bal toplayaraq Tibb Universitetinin Müalicə işi fakültəsinə daxil olmuşdur.
Rayon ərazisində yerləşən altı məktəbin hər birində təşkil edilmiş tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başladı. Məktəb direktorları tədbiri açaraq, çıxışlarında hər keçən gün daha da güclənən, inkişaf edən təhsilimizə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə həm öz adlarından, həm də məktəbin müəllim və şagird kollektivləri adından dərin minnətdarlıqlarını bildirdilər və yaradılmış geniş imkanlardan yüksək səviyyədə bəhrələnərək ölkəmizin gələcək inkişafı üçün təhsilli, savadlı gənclər yetişdirəcəklərinə söz verdilər.
Tədbirlərə qatılmış Pirallahı Rayon İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları məktəblərin pedaqoji kollektivlərini və şagirdləri Pirallahı Rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanovun adından “Bilik günü” münasibəti ilə təbrik etdilər və onlara təhsildə uğurlar arzuladılar. Qeyd edildi ki, yeni tədris ilində də məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdiriləcəkdir.
Bildirildi ki, sentyabrın 11-də Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş rayon müəllimlərinin toplantısında təhsildəki nailiyyətlər, mövcud problemlər, qarşıda duran vəzifələr ətraflı müzakirə olunub. Vurğulandı ki, ölkəmizin hər yerində olduğu kimi Pirallahı rayonunda da geniş quruculuq və abadlıq işləri aparılır, eyni zamanda təhsil sahəsinin inkişaf etdirilməsinə xüsusi diqqət və qayğı göstərilir, rayonun bütün ümumtəhsil məktəblərinin müasir inventar və avadanlıqlarla təmin olunması istiqamətində zəruri işlər görülür.
Tədbirlərdə çıxış edən məktəb şagirdləri dövlətimiz tərəfindən təhsilə göstərilən diqqət və qayğıya görə ölkə başçısı Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər, öz sevinclərini oxuduqları mahnılar, söylədikləri şeirlərlə ifadə etdilər.
Keçirilən silsilə tədbirlər çərçivəsində 13 sentyabr 2018-ci il tarixdə yeni dərs ilinin başlanması və “Bilik günü” ilə əlaqədar rayon ərazisində yerləşən Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində tədbir təşkil edilmişdir. Toplantıda Pirallahı RİH-nin əməkdaşları, təhsil və mədəniyyət ocaqlarının işçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbirdə çıxış edənlər ölkəmizdə təhsilin inkişafından, müasir tələblər səviyyəsində və yüksək standartlara cavab verən yeni-yeni təhsil müəssisələrinin inşasından, uşaqlara, gənc nəslə dövlət tərəfindən göstərilən qayğıdan danışmışdı. Təhsilin inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri də xüsusi vurğulandı.  Bədii hissədə sülh mövzusunda şeirlər səsləndirildi, mahnılar ifa olundu, müxtəlif rəqslər nümayiş etdirildi. Qeyd edək ki, tədbir zamanı Vaqif Mustafazadə adına Mədəniyyət və 4 nömrəli Uşaq-Gənclər İnkişaf mərkəzlərinin yetirmələri arasında rəsm müsabiqəsi keçirilib, qaliblər Mədəniyyət Mərkəzi tərəfindən mükafatlandırılıb.

 

****

Yasamal rayonunda “Bilik günü” coşğusu

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 avqust 2004-cü il tarixli Fərmanı ilə bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması qərara alınmışdır. Elə həmin ildən də 15 sentyabr Bilik Günü – Azərbaycan məktəblərində dərslərin başladığı gün kimi qeyd edilir.

Ulu öndər Heydər Əliyev demişdir:“Təhsil millətin gələcəyidir”, “Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”.

Bilik günü münasibətilə Yasamal rayonunun bütün tədris müəssisələrində müəllimləri və şagirdləri, xüsusən də bu il birinci sinfə getməyin həyəcan və sevincini yaşayan balaca fidanları təbrik etmək üçün minlərlə insan toplaşmışdı.

“Bilik günü” Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 20 nömrəli məktəb-liseydə birinciləri təbrik etmək üçün tədbirdə çıxış etdi. Bildirdi ki, Respublikamızın bütün bölgələrində olduğu kimi Yasamal rayonunda da məktəb infrastrukturunun yenidən qurulması proqramı uğurla həyata keçirilir. Ölkəmizdə təhsil sisteminin inkişafında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın misilsiz xidmətləri vardır. Ölkə Başçısının sərəncamları ilə təsdiq edilmiş Dövlət Proqramları çərçivəsində rayonumuzun tam orta məktəblərinin yenidən qurulması və əsaslı təmiri, maddi-texniki bazasının möhkəmləndirilməsi, xüsusilə şagirdlərdə kompüter biliklərinin yaradılması sayəsində rayonumuzun təhsil müəssisələri bir sıra nailiyyətlər qazanmışlar. Ötən 2017-2018 – ci tədris ilinin yekunlarına əsasən Yasamal rayonu üzrə ali məktəblərə qəbulun nəticələri 79%-ə yüksəlmişdir,21məzun qızıl, 1 nəfər isə gümüş medala layiq görülmüşdür. Bu nailiyyətlərin əldə olunmasında ən müqəddəs peşə sahibləri olan müəllimlərin xüsusi rolu, danılmaz xidmətləri vardır. Qeyd etdi ki, yaxşı oxumaqla Azərbaycan gəncləri öz istək və arzularına nail ola bilər. Bu gün Azərbaycanda azadlıq, sərbəstlik, bazar iqtisadiyyatı prinsipləri hökm sürür və hər bir insanın taleyi onun öz əlindədir. Ona görə də yaxşı bilik almaq ilk növbədə gənclər üçün, eyni zamanda, xalq üçün, dövlət üçün zəruridir. Azərbaycan gəncləri gələcəkdə ölkəmizi idarə edəcəkdir. Gələcəkdə ölkəmizin inkişafı gənclərdən asılı olacaqdır. Ona görə ilk növbədə bilik, lakin bununla bərabər, Vətənə olan bağlılıq, Vətən sevgisi, dövlətçiliyimizə sədaqət mütləq yüksək səviyyədə olmalıdır. Təhsil müəssisələrində vətənpərvərlik mövzusu daim gündəlikdə olacaqdır. Vətənə bağlılıq, sevgi, peşəkarlıq və yüksək biliyə malik olmaq – bütün bu keyfiyyətlər ölkəmizi daha yüksək inkişafa doğru aparacaqdır. Təhsil sisteminin inkişaf edəcəyinə və uşaqlarımızın faydalı bilik və bacarıqlara yiyələnəcəklərinə əminik.

Bayram tədbiri birincilərin və yüksək bal toplayan məzunların çıxışları ilə davam etdi.

****

15 sentyabr – Bilik günü münasibətilə ölkənin hər yerində olduğu kimi Xətai rayonunda da bayram tədbirləri keçirilib

Xətai rayonda fəaliyyət göstərən 37 ümumtəhsil məktəbində  keçirilən tədbirlərdə rayon İcra Hakimiyyəti Başçısının müavinləri, şöbə müdirləri, aparatın məsul şəxsləri həmçinin bələdiyyə sədrləri iştirak ediblər. Rəsmilər  çıxışlarında Prezident İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan danışıblar.

Bildiriblər ki, təhsilin inkişafında Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın gördüyü işlər danılmazdır. Qeyd olunub ki, bu il rayon üzrə 5430 nəfər birinci sinfə qədəm qoyur. Yeni tədris ilində ali məktəblərə 1687 nəfər daxil olub. 248 nəfər 500-dən, 121 nəfər 600-dən, 74 nəfər isə 650-dən yuxarı bal toplayıb. 6 nəfər isə prezident təqaüdünə layiq görülüb.
Çıxış edən rayon müəllimləri, ziyalılar və valideynlər yeni dərs ili münasibətilə müəllim və şagird heyətini xüsusilə də birinciləri təbrik edib, onlara uğurlar arzulayıblar.
Sonra ilk zəng çalınıb və şagirdlər yeni dərs ilinə başlayıblar.

****

Qaradağ rayonunda “Bilik günü” qeyd edilmişdir

“Bilik günü” münasibəti ilə Qaradağ rayonu ərazisində yerləşən bütün təhsil müəssisələrində tədbirlər keçirilmişdir.Qaradağ Rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri bu tərdbirlərdə iştirak etmişlər.
Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı cənab Süleyman Mikayılov, Milli Məclisin deputatı Aydın Hüseynov Qızıldaş qəsəbəsindəki bu tədris ili ərəfəsində əsaslı təmir olunmuş Azər Namazov adına 180 nömrəli tam orta məktəbində keçirilən “Bilik Günü” mərasimində iştirak etmişdir. Rayon rəhbərliyinin yaxından iştirak etdiyi tədbirdə məktəb müəllimlərinin, şagird heyətinin, valideynlərin və birincilərin sevinci hədsiz idi.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Rayon İcra Hakimiyyətinin Başçısı cənab Süleyman Mikayılov məktəb kollektivi qarşısında çıxış edərək, yeni dərs ilinin başlanması münasibətilə təbrik etmiş, onlara gələcək tədris illərində uğurlar diləyərək hər birinin gələcəkdə dövlətimiz, cəmiyyətimiz üçün savadlı və yararlı vətəndaş olaraq yetişmələrini arzulamışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təhsilin inkişafına, müəllimlərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, bu işi dövlət siyasətinin mühüm bir sahəsi hesab etdiyini vurğuladı. Cənab başçı qeyd etmişdir ki, bu ilki “Bilik günü” Bakının erməni-bolşevik işğalından azad edilməsinin 100 illiyinə təsadüf edir. Bu da xalqımız üçün ikiqat bayramdır.
Qeyd edilmişdir ki, ötən tədris ili Qaradağ rayonu üçün uğurlu olmuşdur. 2017-2018-ci tədris ilində Qaradağ rayonu üzrə orta məktəbi bitirmiş məzundan 604 nəfəri ali məktəblərə qəbul olmuşdur ki, bu da sənəd verənlərin 67,4 faizini təşkil edir. Məlumat üçün bildiririk ki, 2016-2017-ci tədris ilində Qaradağ rayonu üzrə bu rəqəm 62,7 faiz təşkil etmişdir. 2017-2018-ci tədris ilində 600-dən yuxarı bal toplayanların sayı isə 42 nəfər olmuşdur. Fərəhləndirici haldır ki, bu rəqəm ilbəil artır.
Aydın Hüseynov öz çıxışında təhsil sahəsində ölkəmizdə aparılan böyük islahatlardan və tərəqqidən danışmışdır.
“İlk zəng”in səslənməsi ilə yeni dərs ilinə başlanıldı. Qeyd etmək lazımdır ki, ötən illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası nəticəsində rayon ərazisində bir neçə təhsil ocağı əsaslı təmir olunmuş, yeni tədris korpusları inşa edilərək istifadəyə verilmişdir. Hal-hazırda bu istiqamətdə işlər davam etdirilməkdədir. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Qaradağ rayonu Qobustan qəsəbəsində Azad Rzayev adına 223 nömrəli məktəb də əsaslı təmir olunmuşdur.  Bundan başqa Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni tədris ili ərəfəsində rayonumuzun imkansız, maddi durumu ağır olan ailələrinin orta ümumtəhsil məktəblərində təhsil alacaq 150 nəfər məktəbliyə yeni məktəbli formaları, 156 nəfər birinci sinif şagirdinə çantalar və məktəb ləvazimatları təqdim olunmuşdur.

 

 

Orxan