“Rusiya-Ukrayna cəbhəsində vəziyyət günü gündən daha da ağırlaşmaqdadır” – Deputat

“Rusiya-Ukrayna cəbhəsində vəziyyət günü gündən daha da ağırlaşmaqdadır”. Bu sözləri   deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, Kollektiv Qərb ilə Rusiyanın Ukrayna cəbhəsində apardığı müharibənin nə zaman bitəcəyi haqqında proqnoz vermək son dərəcə çətindir: “Xüsusilə də Qərb siyasi dairələrində Ukraynanın əks hücum nəticələri ilə bağlı nikbinlik yoxdur. Əks hücumun daha böyük effekt verəcəyi gözlənilirdi. Amma bunun əldə edilməməsi müəyyən mənada proseslərə təsirsiz qalmır. Belə olan vəziyyətdə qərbin bəzi KİV-lərində danışıqların aparılması vacibliyi haqqında fikirlər səslənir. Ona görə də ilkin proqnozlar özünü doğrultmayıb. Belə olan halda beynəlxalq birlik son dərəcə vəziyyəti real qiymətləndirib. Avropanın mərkəzində bu qanlı müharibənin başa çatması üçün əməli addımlar atılmalıdır. Böyük dövlətlərin və beynəlxalq təşkilatların üzərinə bu baxımdan böyük məsuliyyət düşür”.

Deputat sözlərinə belə davam edib: “Çünki Kollektiv Qərbin Rusiya ilə Ukrayna cəbhəsində apardığı müharibədə kimin qalib gələcəyini söyləmək çox çətindir.

Ümumiyyətlə, nüvə dövlətlərinin bir-biri ilə müharibə aparması və kiminsə bu prosesdə qalib gəlməsini söyləmək ən qəliz məsələlərdən biridir. Çünki məğlub tərəfin əlində istifadə etmək üçün nüvə silahı var və öz təhlükəsizliyi üçün təhdid yaranacağı təqdirdə, açıq şəkildə Rusiya da bəyan edib ki, nüvə silahını tətbiq edə bilər. Ona görə də proseslərin bu istiqamətdə inkişafı bütün bəşəriyyət üçün təhlükəlidir. Bu çox ciddi təhdid mənbəyidir. Belə olan halda müəyyən danışıqlara getməyin vaxtı gəlib çatıb. Artıq NATO rəhbərliyində də bu haqda istiqamətlər yekdil fikirli olmasa da müəyyən mülahizələr səsləndirilməkdədir. Nəzərə alsaq ki, müharibənin hər günü yüzlərlə insanın həyatına son qoyulması anlamındadır. Ona görə də yeganə çıxış yolu danışıqlardır. Bu danışıqlar prosesində Türkiyənin indiyə qədər verdiyi töhvəni nəzərə alıb onun əsas oyunçu kimi prosesdə iştirakı hesab edirəm ki, daha səmərəli ola bilər. Çünki digər aktorlar bu prosesdə etimadı itirib. Yəni, nə London, nə Vaşinqton, nə Paris, nə də Brüssel bu halda vasitəçi ola bilməz. Çünki prosesin iştirakçılarıdırlar. Amma Türkiyə isə neytralitetini qoruyub saxlaya bilir. Bu baxımdan Türkiyənin vasitəçiliyi ilə olan danışıqlar çox mühüm əhəmiyyət kəsb edir. Nəzərə alsaq ki, bu günləri Soçidə Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan ilə rusiyalı həmkarı Vlodimir Putin arasında danışıqlar gedir. Danışıqlarda əsas müzakirə məsələlərindən biri də məhz Rusiya Ukrayna müharibəsi, bu fonda yaranmış buğda böhranı ilə bağlı olan məsələlərdir. Bütün bunları nəzərə alıb o qənaətə gəlmək olar ki, artıq Rusiya Ukrayna danışıqlarının başlanmasının vaxtını müəyyən etmək bu gün ən vacib məsələyə çevrilib. Bu prosesə Türkiyənin töhvə vermə potensialı bütün digər ölkələrdən daha üstündür”.