Sədərək gömrük rəisinin Türkiyədə həbsilə bağlı danışıqlar aparılır

8

 

Çərşənbə axşamı Türkiyədə həbs edilmiş Naxçıvan Muxtar Respublikası Sədərək gömrük-keçid məntəqəsinin rəisi Mirməhəmməd Seyidovun həbsilə bağlı diplomatik kanallarla yazışmalar aparılır.

“Məhəmməd Seyidovun həbsi ilə bağlı Azərbaycan konsulluğu və Naxçıvanla yazışmalar aparılıb”, İqdır polis şöbəsinin qaçaqmalçılıq bölməsindən BBC Azərbaycanaya bildiriblər.

Polis təmsilçisi deyib ki, “bilgiləndirmə məqsədi ilə yazışmalar hələ də davam edir”.

Azərbaycanın İqdırdakı konsulu Asiman Əliyev BBC Azərbaycancaya gömrük rəisinin həbsi ilə bağlı “görüşmələrin keçirildiyini” təsdiqləyib.
Türkiyə mətbuatının yaydığı xəbələrə əsasən, polis qüvvələri Məhəmməd Seyidovu İstanbuldan Qarsa gələrkən hava limanında yaxalanıb.

İqdırda gömrükdə sui-istifadə faktları ilə bağlı keçirilmiş əməliyyatda Azərbaycala Türkiyə arasında olan Sədərək gömrük məntəqəsinin rəisi Mirməhəmməd Seyidovdan başqa daha 5 nəfər həbs olunub.

Mətbuatda yazılanlara görə, həbslər, polisin qaçaqmalçılıq və mütəşəkkil cinayətlərlə mübarizə şöbəsi tərəfindən mərkəzi İqdır olmaqla İstanbul, Gaziantep və Artvin şəhərlərində 2 illik texniki izləmə nəticəsində təşkil edilən əməliyyat çərçivəsində reallaşıb.

Haberler.com saytı xəbər verir ki, Seyidov İğdırın Aralık mahalında yerləşən və Türkiyə ilə Naxçıvanı bir-birinə birləşdirən “Dilucu Sərhəd Qapısı”nda aparılan rüşvət və qaçaqmalçılıq əməliyyatı çərçivəsində həbs edilib.