“Sağlamlığına dəyər verən insanlar bu ətlərdən istifadə etməsinlər” – Mütəxəssis

“Ət məhsulları ilə bağlı artıq uzun müddətdir şikayətlər və monitorinqlər davam edir. Xüsusilə də bazarlarda, marketlərdə, satış məntəqələrində satılan ət və ət məhsullarının keyfiyyətsiz olduğu monitorinqlər nəticəsində məlumdur”. Bu sözləri  sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib.

Onun sözlərinə görə, heç bir məhsulda qiymət keyfiyyət göstəricisi deyil. Lakin ət məhsullarının müəyyən maya dəyəri var: “Bu dəyərdən aşağı qiymətə satılan mallar şübhəli hal kimi qeydə alınır. Məsələn, toyuğun kilosu 5-6 manatdan başlayırsa, lakin toyuq məhsulunun qiyməti 2 manatdırsa birmənalı şəkildə həmin heyvanların ya xəstə olduğu, ya da başqa problemi olduğu bilinir. Yaxşı olar ki, sağlamlığına dəyər verən insanlar bu ətlərdən istifadə etməsinlər. M.Hüseynova qeyd edib ki, xüsusilə də yay aylarında tempratur yüksək olduğu üçün bu məhsulların açıq hava şəraitində satılması çox təhlükəlidir: “Sözügedən təhlükə kolbasa-sosiska məhsulları üçün daha aktualdır. Çünki kolbasa normal şəraitdə heyvanın yeməli ət hissəsindən hazırlanmalıdır. Qığırdaqdan, sümüklərdən və yeyilməyə uyğun olmayan hissələrdən istifadə olunmamalıdır. Lakin, hal-hazırda əksər kolbasa istehsal edən yerlər heyvanın bütün hissələrindən- dəri, sümük, qığırdaq hətta toyuq kolbasalarında bəzən toyuğun peyinindən belə istifadə edir”.