Sambo Avropa Oyunlarına daxil edildi

Sambo

Gələn il Bakıda keçiriləcək ilk Avropa Oyunlarına şərq döyüş növü olan sambo da əlavə olunub.

XALQ.AZ-ın məlumatına görə, Avropa Oyunların Əməliyyat Komitəsinin üzvü Saymon Kleq bu qərarı Avropa Oyunlarının rəsmi internet səhifəsində şərh edib.

“Azərbaycanda olduqca məhşur idman növünün oyun proqramına daxil edilməsi gələcəkdə bu yarışın əhəmiyyətini bir qədər də artıracaq”- deyə komitə üzvü qeyd edib.

Beləliklə Avropa Oyunlarında 16-si olimpiya, 4-ü isə qeyri-olimpiya olmaqla 20 idman növünün təmsil olunacağı dəqiqləşib. Daha bir dəyişiklik güləşdə baş verib. Bu idman növündə çəkilərin sayı artırılıb. Bu isə o deməkdir ki, 480 güləşçi oyunların medalları uğrunda mübarizə aparacaq.

Gələn il Bakıda keçiriləcək Avropa Oyunları iyunun 12-sindən 28-dək davam edəcək. Turnirdə 49 ölkədən 6000-dən çox idmançı yarışacaq.