Şeyx bütün dindarları İlham Əliyevə səs verməyə çağırdı

 

04

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Azərbaycandakı dindarların qarşıdan gələn prezident seçkiləri ilə bağlı toplantısı keçirilir. APA-nın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını, sonra isə Şəhidlər xiyabanını ziyarət ediblər.

Şeyxülislam Allahşükür Paşazadə çıxışında bildirib ki, dindarların məramı düzgündür: “Qarşıdan gələn seçkilərdə də bizi haqqa çağıranın tərəfdarıyıq”.

QMİ sədri son dövrlərdə prezident İlham Əliyevin dəstəyi ilə ölkədə xeyli sayda məscidlərin tikildiyini, vaxtilə dağıdılmış məscidlərin bərpa olunaraq müsəlmanların ixtiyarına verildiyini vurğulayıb: “Biz dindarlar həqiqəti çox yaxşı görürük. Bizə indiyə kimi istə məscidlərin tikilməsi ilə bağlı, istər digər dini məsələlər ilə bağlı vəd verən siyasətçilər çox olub, amma heç nə etməyiblər. Yalnız mərhum Heydər Əliyev və davamçısı İlham Əliyev bunu sözdə yox, əməldə göstərdilər. Heydər Əliyevin siyasətində həm din, həm də dövlət vardı. Bu gün də İlham Əliyev bunu davam etdirir. Hətta İlham Əliyevin ailəsi, xüsusilə Mehriban xanımın bu sahədə xidmətləri, xeyirxah əməlləri çox nümunəvidir. Bir dindar kimi fəxr edirəm ki, mənim İlham Əliyev kimi prezidentim var. Allah bizə İlham Əliyev kimi şəxsiyyət göndərib”.

QMİ sədri ölkə dindarlarını seçkilərdə İlham Əliyevə səs verməyə çağırıb.