SOCAR sadiqliyi mükafatlandırır təqdim olundu

 

28

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Rumıniya nümayəndəliyinin təşkil etdiyi “SOCAR sadiqliyi mükafatlandırır” kampaniyasının birinci mərhələsinin qalibi müəyyən olunub.
ARDNŞ-in mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, Buxarestdə “SOCAR” brendi ilə işləyən yanacaqdoldurma məntəqəsində bununla bağlı keçirilən mərasimdə Kiajna rayonunun icra hakimiyyətinin başçısı Mircea Minea, şirkətin Rumıniya nümayəndəliyinin və “SOCAR Petroleum SA”nın əməkdaşları, eləcə də Rumıniyanın mətbuat nümayəndələri iştirak ediblər. Bu ilin 15 iyul-15 avqust tarixlərini əhatə etmiş birinci mərhələ çərçivəsində “SOCAR”ın Rumıniya ərazisində fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrindən 50 ley (11 AZN) məbləğində yanacaq və ya məhsul alan hər bir müştəri kupon əldə edərək kampaniyaya qoşulub. Birinci mərhələnin qalibi püşkatma yolu ilə müəyyən edilib. İasi şəhərinin sakini Lucian Dasca uduşa qoyulan “DACİA LOGAN” avtomobilinin sahibi olub.
“SOCAR sadiqliyi mükafatlandırır” kampaniyasının ikinci mərhələsi isə 15 avqust-15 sentyabr tarixlərini əhatə edəcək. Sentyabrın 22-də yekunlaşacaq kampaniyada bir çox hədiyyələrlə yanaşı, “DACİA LOGAN” və əsas mükafat olan “DACİA DUSTER” avtomobilləri də öz sahiblərini tapacaq.