“Sülhə yalnız Ermənistanın ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoyduğu halda nail olmaq mümkündür” – Deputat

Prezident İlham Əliyev 22 iyul tarixində Şuşada “Euronews” televiziya kanalına verdiyi müsahibədə 2020-ci il noyabrın 10-da qazanılmış şanlı Zəfərimizdən ötən 3 ilə yaxın müddət ərzində Qarabağda görülən işlər, bölgədəki sülh prosesi və gələcək inkişaf perspektivləri barədə mühüm əhəmiyyətli nüanslara toxundu. Belə ki, Ermənistanın kapitulyasiyasının rəsmi ifadəsi olan 2020-ci il 10 noyabr Bəyanatının mahiyyət etibarilə sülh razılaşması olmadığını bildirən cənab prezident, sülh sazişinin müəyyən prinsiplərini vurğuladı və Azərbaycanın yeni sülh prosesinin müəllifi olduğunu qeyd etdi. Lakin təbii ki, sülhə yalnız Ermənistanın ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoyduğu halda nail olmaq mümkündür.

Məlumdur ki, Bəyanatın, yəni atəşkəs sazişinin imzalanmasına Rusiya vasitəçi mövqedən çıxış etmişdi, hal-hazırda isə Rusiya-Ukrayna müharibəsindən sonra təşəkkül tapmaqda olan geosiyasi mənzərəyə əsasən Birləşmiş Ştatlar və Avropanın bu məsələdə fəallığı nəzərə çarpır. Cənab prezidentin də vurğuladığı kimi, prosesin kim tərəfindən aparılacağı yox, prosesin nəticələnməsi Azərbaycan üçün prioritet məsələdir və mütləq ki, Azərbaycan tərəfi prosesin sülh sazişi ilə nəticələnməsini hədəfləyir. Cari vəziyyət əminliklə söyləməyə əsas verir ki, Azərbaycan Qarabağ ermənilərinə təhsil, mədəniyyət, eyni zamanda dini, bələdiyyə hüquqlarının təmin edilməsində və bir çox digər məsələlərdə ölkənin bütün vətəndaşları ilə bərabər hüquqlar verir. Müharibədən əvvəl yüz minlərlə azərbaycanlının Ermənistanda yaşadığını və bütövlüklə etnik təmizləməyə məruz qaldığını, onların mədəni və dini irsinin tamamilə məhv edildiyini qeyd edən cənab prezident Ermənistanı beynəlxalq hüququn normalarına riayət etməyə çağırıb. Belə ki, Ermənistandan zorla deportasiya edilmiş azərbaycanlıların baba yurdlarına qayıtmaq hüququnun olduğunun Prezident İlham Əliyev tərəfindən vurğulanması, görüləcək işlərin, atılacaq siyasi addımların, qurulacaq diplomatik əlaqələrin gələcək seyrindən xəbər verir.