Şumaxerin sənədini oğurlayan özünü asdı

Sumaxer

“Formula 1” üzrə 7 qat dünya çempionu Mixail Şumaxerin tibbi sığorta kartının oğurlanmasında şübhəli bilinərək İsveçrədə həbs olunan şəxs kamerada asılmış vəziyyətdə tapılıb.

XALQ.AZ-ın məlumatına görə, bu haqda ölkə prokurorluğu məlumat yayıb.

Şübhəli şəxs helikopter icarəsi ilə məşğul olan İsveçrə şirkətində çalışıb. Məhz idmançını Qrenobldan Lozannaya xəstəxanaya aparmaq üçün həmin şirkətin xidmətlərindən istifadə olunub.

Qeyd edək ki, xəstənin helikopterlə daşınması üçün verilən sifarişdə Şumaxerin tibbi sosial kartının göstəriciləri də prosedura uyğun olaraq onlara ötürülüb.

Xatırladaq ki, Şumaxer 2013-cü il dekabrın 29-da Fransada Meribeldə xizək sürərkən yıxılaraq başından zədə alıb.
Həkimlər iyun ayında idmançını süni komadan çıxardıb.

Onun meneceri Sabina Kem bildirib ki, tibbi sənədlər oğurlanıb və qara bazarda satışa çıxarılıb.