“Üç dəniz əfsanəsi” filminin təqdimat olub

Yasamal rayonunda “Üç dəniz əfsanəsi” sənədli filminin təqdimat mərasimi keçirilib. Yeni Azərbaycan Partıyası (YAP) Yasamal rayon təşkilatında baş tutan təqdimatda filmə geniş ictimai baxış baş tutub. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının rəhbərliyi, millət vəkilləri, ziyalılar, QHT təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimin rəsmi hissəsindən öncə iştirakçılar tərəfindən Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət olunub, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri yad edilib. Sonra YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.Mərasimdə ilk öncə Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Film Bakı-Tbilisi-Ceyhan (BTC) boru xətti — Xəzər dənizinin Azərbaycan sektorundakı yataqlardan Gürcüstana, oradan isə Türkiyənin Ceyhan limanına qədər uzanan strateji boru kəməri layihəsindən bəhs edir. Ulu Öndər Heydər Əliyevin Əsrin Müqaviləsinin imzalaması və BTC layihəsinin həyata keçirilməsi sahəsində yürütdüyü ardıcıl və məqsədyönlü siyasətindən bəhs edir. Filmin müsahibləri strateji neft siyasətinin son nəticə etibarilə Azərbaycanın iqtisadi cəhətdən möhkəmlənməsindən və Vətən müharibəsində parlaq zəfər qazanmasından ətraflı danışdılar.
Tədbirdə çıxış edən filmin müəllifləri Ülviyyə Abdullayeva və İlhamə Novruzova əməyi keçən hər kəsə təşəkkürünü bildirdilər.
“Üç dəniz əfsanəsi” sənədli filminin təqdimatında çıxış edən Azərbaycan Respublikası Qeyri hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Milli Məclisinin deputatları- Sadiq Qurbanov, Jalə Əhmədova, Vüqar İskəndərov və Məzahir Əfəndiyev “Üç dəniz əfsanəsi ” adlı filmin əhəmiyyətindən söz açaraq qeyd etdilər ki, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının təməl daşını təşkil edən “Əsrin müqaviləsi”nin imzalanması ilə müstəqil Azərbaycan dövlətinin tarixində milli neft strategiyası həyata keçirilməyə başlandı. Məhz bu müqavilədən sonra dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağı artdı, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə güclü təkan verildi.
Mərasimin sonunda xatirə fotosu çəkildi.