Veteran jurnalistlərlə görüş keçirilib

MS

Mətbuat Şurasında 22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar veteran jurnalistlərlə görüş keçirilib.

XALQ.AZ-ın məlumatına görə, Şuranın Ahıl Jurnalistlər Məclisinin təşkil etdiyi görüşdə sədr Əflatun Amaşov bildirib ki, ölkəmizdə son 15 ildə Milli Mətbuat Gününün keçirilməsi əlamətdar hal alıb. Milli-mədəni oyanışa təkan vermiş, dövlət müstəqilliyimizin bərpasında səfərbəredici rol oynamış jurnalistikamızın tarixi xidmətlərindən danışan Ə.Amaşov veteran qələm sahiblərinin mətbu irsimizin zənginləşməsindəki rolunun böyük olduğunu vurğulayıb. Onların əməyinin qiymətləndirilməsi sahəsində görülən işlərin rəhbərlik etdiyi qurumun daim diqqət mərkəzində dayandığını söyləyib.

Ahıl Jurnalistlər Məclisinin rəhbəri, əməkdar jurnalist Yusif Kərimov məclisin ictimai fəallığının daha da artdığını diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin veteran jurnalistlərə qayğı göstərilməsini nəzərdə tutan işlərə dəstək verməsindən danışaraq bildirib ki, Ahıl Jurnalistlər Məclisi həyatını jurnalistikaya bağlayan insanların zəruri qayğılarının həllini reallaşdırmaqla yanaşı, təcrübələrinin gənc nəslə çatdırılmasını da həyata keçirən fəaliyyət xəttinə malikdir.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru, İctimai Yayım Şurasının sədri Cahangir Məmmədli sıralarında həm müəllimləri, həm də vaxtilə tələbə olmuş dəyərli qələm sahiblərini birləşdirən məclisin keçmişə ehtiram mənasında daşıdığı missiyanın mühüm cəhətlərinə toxunub.
Şura sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, Şuranın İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışlarında canlı jurnalistika məktəbi olan veteran qələm sahiblərinə diqqətin zəruriliyini vurğulayıblar.

Ahıl jurnalistlər adından çıxış edənlər Telman Qarayev, Hökumə Əliyeva, Bəbir Hüseynov, Şakir Yaqubov və başqaları müxtəlif illərdəki fəaliyyətlərinin spesifik tərəflərindən söhbət açıblar. Onlar ölkəmizdə yaşlı yazarlara diqqət göstərilməsindən razılıqlarını ifadə ediblər.

Görüşün sonunda ahıl jurnalistlərə Mətbuat Şurasının bayram hədiyyələri təqdim olunub.