Vüqar Həşimov Kubokunun sahibi sabah məlum olacaq

Vuqar

Vüqar Həşimov Kubokunun sahibi avqustun 1-də məlum olacaq.

XALQ.AZ-ın məlumatına görə, “Excelsior Hotel Baku” otelində Azərbaycan qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr edilmiş beynəlxalq şahmat turniri davam edir. Turnirdə 8 yaşa qədər, 8-10 və 10-12 yaş kateqoriyalarında uşaqlar iştirak edir.

Həşimov Memorialında Azərbaycan, Rusiya və Fransanı təmsil edən 96 şahmatçı mübarizə aparır.

İsveçrə sistemi üzrə keçirilən turnirdə 7 turdan sonra 6,5 xal toplamış sumqayıtlı Rəvan Əliyev əvvəlki kimi turnir cədvəlinə başçılıq edir. Sadiq Məmmədov və Vüqar Manafov liderdən yarım xal, daha dörd iştirakçı ondan bir xal geri qalır.

Vüqar Həşimov memorialı 9 turdan ibarət olacaq. Turnirdə mükafata layiq yerləri tutan iştirakçılar 12 yaşadək şahmatçılar arasında Batumidə keçiriləcək Avropa çempionatında iştirak etmək hüququ qazanacaqlar.

Turnirin qalibinə “Vüqar Həşimov Kuboku” təqdim ediləcək. Gümüş mükafatçı “Baku Open” turnirində, bürünc mükafatçı isə “Naxçıvan Open” turnirində iştirak edəcək.

Xatırladaq ki, Vüqar Həşimov Kubokunun sahibi avqustun 1-də məlum olacaq.