Xaçmazda xəsarət alan sakinlər xəstəxanada ziyarət olundu

Körpünün uçması nəticəsində xəsarət alan şəxs xəstəxanada ziyarət olunub
Xaçmaz rayonunda 3 aşırımlı avtomobil körpünün uçması nəticəsində çökəyə düşən VAZ-2106 markalı minik avtomobildə olan 3 nəfər Xaçmaz rayon sakini, 1966-cı il təvəllüdlü Əlisafa Abas oğlu Heybətov, Bakı şəhər sakini – 1984-cü il təvəllüdlü Efsun Əsgər oğlu Qarayev və Xaçmaz rayon sakini – 1999-cu il təvəllüdlü Elvin Tofiq oğlu Səfərəliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin tibbi yardımdan sonra yaralılardan Əfsun Qarayev öz istəyi ilə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasına təxliyyə olunub. Xəsarətləri nisbətən yüngül olan Elvin Səfərəliyevə isə ambulator müalicə təyin olunub və evə buraxılıb.
Digər yaralı Əlisafa Heybətovun müayinə və müalicəsi Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Prezident Administrasiyasının məsul işçisi Habil Əzəmmədov xəstəxanada müalicə alan Əlisafa Heybətovu ziyarət edib, səhhəti ilə maraqlanıblar. Əlisafa Heybətova şəfalarını diləyiblər. Həkimlər xəsarət alan rayon sakininin həyatı təhlükəsi olmadığını bildiriblər.