“Xalqlarımızın dostluğu digər xalq və dövlət üçün nümunədir” – Deputat

Vahid Əhmədov: “Xalqlarımızın dostluğu digər xalq və dövlət üçün nümunədir”

“Pakistan Azərbaycan xalqının əsl dostu, tarixi müttəfiqidir”.

Bunu millət vəkii Vahid Əhmədov bildirib. Pakistan xalqını 14 avqust – Müstəqillik Günü münasibətilə təbrik edən millət vəkili, Azərbaycan-Pakistan dostluğunun geniş perspektivlərə malik olduğunu bildirib:

“Pakistan və Azərbaycan xalqları tarixən ən çətin günlərində bir-birlərinin yanında olub. Bir-birlərinə böyük dəstək veriblər. Biz 44 günlük Vətən müharibəsində bunun bir daha şahidi olduq. Qardaş Türkiyə kimi, qardaş Pakistan xalqı da 44 günlük Vətən müharibəsində Azərbaycan xalqına mənəvi-diplomatik dəstək verdi, onunla həmrəylik sərgilədi. Pakistan dövləti və xalqının bu fədakarlığı Azərbaycan xalqı, eləcə də Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən hər zaman yüksək qiymətləndirilib və bundan sonra da gələcək nəsillər tərəfindən hər zaman sevgi ilə xatırlanacaq.

Onu da qeyd edim ki, mən 1992-ci ildə müstəqilliyimizin tanınması məqsədilə bir qrup nümayəndə heyəti ilə birlikdə qardaş Türkiyə dövlətinin köməkliyi ilə Pakistana səfər etmişdim. Biz həmin görüşdə Pakistan dövlətinə müstəqilliyimizlə bağlı məlumat verdik, onları mövcud vəziyyətlə tanış etdik. Bu səfərdən təxminən bir həftə sonra Pakistan dövləti Azərbaycanın müstəqilliyini tanıdı.

Mən müstəqillik günü münasibəti ilə Pakistan xalqını təbrik edir, ona dinclik və firavanlıq arzu edirəm.

Xalqlarımızın dostluğu digər xalq və dövlət üçün nümunədir. Əminəm ki, Pakistan-Azərbaycan dostluğu bundan sonra da inkişaf edəcək, kəmiyyət və keyfiyyət olaraq yeni müstəviyə yüksələcək”.