Yardımlıda yanacaqdaşıyan maşın aşdı

pojar

Yardımlı rayonunda baş verən qəzada yanacaqdaşıyan maşın aşıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında rayonun Dəryalar kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil ZİL markalı, ağır tonnajlı yanacaqdaşıyan yük maşını ilə toqquşub. Nəticədə ZİL aşıb. Xoşbəxtlikdən maşındakı yanacaq yerə tökülməyib.

Hadisə yerinə dərhal rayonun hüquq-mühafizə orqanlarının, həmçinin Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin əməkdaşları və yanğınsöndürən maşın cəlb olunub. Onların səyləri ilə zəruri qabaqlayıcı tədbirlər görülməklə hər hansı bədbəxt hadisənin baş verməsinin qarşısı alınıb.

FHN hadisə ilə bağlı məlumat yayıb. Məlumatda deyilir: “Yardımlı rayonu, Köryədi kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşlara məxsus “MERCEDES” markalı minik avtomobili və “ZİL” markalı yanacaq daşıyan yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilaetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yük avtomobiliin aşdığı və yanacağın ətrafa dağıldığı məlum olub. Yanğın bölmələri yanğın təhlükəsiziliyini təmin etmək məqsədi ilə hadisə yerində soyutma işləri aparıb və dağılmış yanacaq yuyulub”.