Yunis Hüseynov: “Hər futbolçu belə matçlarda özünü yaxşı motivasiya edir”

“Hər iki görüşdə futbolçuların yaxşı mübarizə aparacaqlarına inanıram”.

Bunu  veteran futbolçu Yunis Hüseynov Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Belçika ilə, eləcə də İordaniya ilə keçirəcəyi beynəlxalq yoldaşlıq oyunu barədə danışarkən deyib.

58 yaşlı sabiq hücumçu komandaya uğurlar arzulayıb:

“İnanıram ki, sabahkı qarşılaşmada yaxşı nəticə əldə edəcəyik. Əvvəlki matçlarda buna nail ola bilmədik. Ümid edirəm ki, futbolçular növbəti görüşlərdə yaxşı oyun sərgiləyərək azarkeşlərimizi sevindirəcəklər”.

Hüseynov güclü kollektivlərlə dueldə əlavə motivasiyaya ehtiyac olmadığını söyləyib:

“Hər futbolçu belə matçlarda özünü yaxşı motivasiya edir. Bu, bizim oynadığımız dönəmdə də belə idi. Rəqib Belçika millisidir, onlarla oyuna çıxanda futbolçu meydanda ən yaxşısını etməyə çalışmalı və 90 dəqiqə mübarizə aparmalıdır. Zəif yığmalara qarşı isə oyunçunu bir az kökləmək lazımdır. Çünki arxayınlıq da baş verir. Amma ümumiyyətlə, millidə belə hallar yaşanmamalıdır. Meydanda özlərini yaxşı tərəfdən göstərmək üçün əllərindən gələni etməlidirlər. Əvvəlki matçda Estoniya ilə heç-heçə etdik. Qalib gələcəyimizə inanırdıq. Amma gördük ki, rəqib də normal oynaya bilir, hazırda zəif komanda yoxdur”.

Mütəxəssis bir neçə oyunçunun ölkə xaricinə yollanmasının komandaya yaxşı təsir edəcəyini vurğulayıb:

“Həmişə yığma üzvlərinin və digər futbolçularımızın ölkədən kənarda çıxış etməsinin tərəfdarı olmuşam. Həm öz oyununu yüksəldəcək, həm də yığmaya xeyir verəcək. Legioner həyatı yaşayanlar tam başqa çempionatın ab-havasını hiss edirlər. Orada heyətə düşmək üçün güclü mübarizə aparırlar. Beləliklə, istər-istəməz oyunlarını artırırlar və gələndə milli komandaya xeyir verirlər. Musa Qurbanlı, Ramil Şeydayev, Coşqun Diniyev, Bəxtiyar Həsənalızadə və digərlərinin legioner həyatı yaşaması yaxşı haldır. Şübhəsiz, bunun milliyə də xeyri dəyəcək.

Amma hər şey futbolçunun özündən də asılıdır. Legioner həyatı yaşayıb meydana çıxmayanlar da olar bilər. Ramil Şeydayev Rusiya çempionatında oynayanda da milliyə dəvət alıb, həmin dönəmdə bizim futbolçulardan seçildiyi görünürdü. Qollar vururdu və özünü yaxşı tərəfdən göstərirdi. Açıq danışaq, Azərbaycan və Rusiya çempionatları arasında fərq var. 2021-ci ildə Lüksemburqa uduzduğumuz qarşılaşmaları da xatırlatmaq istəyirəm. Həmin vaxt rəqibin heyətində meydana çıxan 11 oyunçunun hamısı başqa çempionatlardan gəlmişdi. Amma hamı deyirdi ki, biz onları udmalıyıq. Baxsaq, görərdik ki, əksəriyyəti səviyyəli klublarda çıxış edir”.

Hüseynov son olaraq İordaniya ilə yoldaşlıq görüşünə də toxunub:

“Hər qarşılaşmaya ciddi yanaşmaq və oyundan-oyuna artırmaq lazımdır. Meydana yalnız qələbə üçün çıxmalıyıq. Bu, futbolçulara motivasiya verəcək. İnamın yüksəlməsi üçün qələbə əldə etməliyik”.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 9-da Belçikanı, üç gün sonra isə İordaniyanı “Dalğa Arena”da qəbul edəcək.