Zakir Həsənov hərbi təlimindən danışdı

Tank

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Naxçıvan Muxtar Respublikasında keçirilən irimiqyaslı hərbi təlimlərdən danışıb.

Xalq.az-ın məlumatına görə Cəmşid Naxçıvanski adına Hərbi Lisey Gününə həsr olunmuş təntənəli mərasimdə çıxış edən nazir, blokada şəraitində yaşayan Naxçıvanın dinamik sürətlə inkişaf etdiyini və etibarla qorunduğunu deyib:

“Digər bölgələrimizdə olduğu kimi bu qədim və yeniləşən diyarda da hərbi strukturlarımız gündən-günə güclənir, qüdrətlənir, şəxsi heyətdə böyük ruh yüksəkliyi var, ordu ilə xalqın birliyi istənilən təcavüzün qarşısını almağa, döyüş tapşırığını yerinə yetirməyə bizə imkan verir”.

Qeyd edək ki, bir neçə gün bundan öncə, 2014-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri Naxçıvan Muxtar Respublikası ərazisində genişmiqyaslı hərbi təlimlər keçirilib. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən təlimlərə Əlahiddə Ümumqoşun Ordusunun tərkibindəki hissə və bölmələrin şəxsi heyəti, aviasiya, hava hücumundan müdafiə sistemləri, raket və artilleriya qoşunlarının qüvvə və vasitələri, o cümlədən yeni, ən müasir standartlara uyğun zirehli texnika cəlb olunub.
Təlimlərdə Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən hərbi hissələrin döyüş hazırlığının səviyyəsi yoxlanılıb.
Təlimdə döyüş texnikalarının, həmçinin müasir silahların tətbiqi imkanları öyrənilib, tapşırıqların daha operativ və səmərəli yerinə yetirilməsi, qərargahlar tərəfindən əməliyyatların hazırlanması, qarşılıqlı fəaliyyətin və təminatın təşkili, eyni zamanda döyüş əməliyyatlarının müxtəlif mərhələlərində qarşıya qoyulan tapşırıqların icra olunması səviyyəsinə xüsusi diqqət yetirilib.