Zakir Həsənov şimal bölgəsində hərbi hissələrdə olub

 

9

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov şimal bölgəsində yerləşən hərbi hissələrə səfər etmişlər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazirliyin rəhbərliyi ümummilli liderimiz Heydər Əliyevin “N” saylı hərbi hissənin ərazisindəki büstü önünə gül dəstəsi qoyaraq ehtiramlarını ifadə etmişlər.
Sonra hərbi hissədəki qərargah binası, əsgər yataqxanası, tibb məntəqəsi, yeməkxana və məişət kompleksinə baş çəkilmiş, mövcud vəziyyətlə tanışlıq olmuş, əsgər və zabitlərlə görüşlər keçirilmişdir.
Bölmələrin döyüş qabiliyyəti, əsgərlərin mənəvi-psixoloji durumu və sosial şəraiti, zabit və gizir heyətinin hazırlıq səviyyəsi, hərbi birləşmələrin maddi-texniki təchizatının vəziyyəti öyrənilmişdir.
Müdafiə naziri döyüş hazırlığının və nizam-intizamın gücləndirilməsi, silah-sursatla, hərbi texnika ilə davranışda təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması və sağlamlıqlarına diqqətin artırılması, o cümlədən hərbi hissələrin ərazisində aparılan quruculuq işlərinin davam etdirilməsi ilə əlaqədar tapşırıqlar vermişdir.