“Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatında həlledici rol oynayır” – Azər Badamov

“Azərbaycan və Litva arasındakı münasibətlər strateji xarakter daşıyır”. Bu sözləri deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, Litvanın Avropa İttifaqına üzv olması Azərbaycanın Avropa ilə əməlkdaşlıq imkanlarını genişləndirir: “Keçən il Litva prezidenti Nausedanın Azərbaycana səfəri və indi Prezident İlham Əliyevin Litvaya səfər etməsi ölkələrimizi daha da yaxınlaşdırır. Prezidentlərin qarşılıqlı səfərləri çərçivəsində ölkələrimiz arası əməkdaşlığı genişləndirəcək sənədlərin imzalanması və biznes forumların keçirilməsi münasibətlərimizi nəinki siyasi müstəvidə, həm də iqtisadi müstəvidə də yaxınlaşdırır”.

Deputat sözlərinə belə davam edib: “Azərbaycan bu gün Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatında həlledici rol oynayır. Azərbaycanın neft və qaz ixrac boru kəmərləri Avropaya qədər uzanmışdır. O cümlədən Azərbaycan və Litva yerləşdiyi coğrafi yerindən səmərəli istifadə edərək beynəlxalq daşınmaların həyata keçirilməsində əsas oyunçulara çevrilmişdir. Bu gün dünyanın yeni geosiyasi düzənində beynəlxalq daşınmaların həyata keçirilməsində potensialına malik olması ölkələrə yeni imkanlar yaradır. Azərbaycan və Litva Xəzər və Baltik dənizləri arasında marşurutlardan səmərəli istifadə etmək planlarını həyata keçirə bilərlər. O cümlədən Azərbaycan bərpa olunan enerjisinin istehsalını genişləndirir. Bu da enerji istehsalında qaza qənaətə səbəb olacaq.

Litva şirkətləri ilə bərpaolunan enerji sahəsində əməkdaşlıq etmək ətrafında müzakirələr aparılır. O cümlədən neft-kimya sənayesi məhsullarını Litvaya ixrac edirik. Litvanın istehsal etdiyi mallar Azərbaycana idxal olunur. Beləliklə, prezidentlərimizin qaşılıqılı səfərləri ölkələrimiz arası iqtisadi əməkdaşlıq imkanlarını genişləndirir və istifadə olunmamış yeni potensialın realizə olunmasına yol açacaqdır”.