Astarada 9 may Qələbə günü qeyd olundu

Astara

1941-1945-ci illər Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 69-cu ildönümü ilə əlaqədar Astara rayonunda tədbir keçirilmişdir.

XALQ.AZ xəbər verir ki, Rayon İcra hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayev, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri şəhərin mərkəzindəki “Qəhrəmanlar bağı”na gəlmiş, Sovet İttifaqı Qəhrəmanları Ziya Bünaydovun, Mirzə Cəbiyevin, İlya Kaverinin, Azərbaycanın Milli Qəhrəmanı Yalçın Nəsirovun, Sosialist Əməyi Qəhrəmanı Böyükxanım Əliyevanın, üç “Şöhrət” ordenli Rəhmət Hətəmovun və Ağahəsən Nəhmətovun büstləri, M.Cəbiyev və İ.Kaverinin məzarları önünə, Qarabağ uğrunda döyüşlərdə həlak olmuş astaralı şəhidlərin xatirə lövhələrinin qarşısına əklil və gül dəstələri qoymuşlar.

Ziyarət başa çatdıqdan sonra müharibə veteranları onlar üçün hazırlanmış şirniyyat stolu ətrafında rayon rəhbərləri və xidmət təşkilatlarının nümayəndələri ilə söhbət etmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayev faşizm üzərində qələbənin 69-cu ildönümü münasibətilə veteranları təbrik etmiş, onlara ən xoş arzularını bildirmişdir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Böyük Vətən Müharibəsi veteranlarına diqqət və qayğının artırıldığını, onların mədəni-məişət və sosial problemlərinin həlli ilə əlaqədar konkret tədbirlər görüldüyünü diqqətə çatdırmışdır. Heydər Əliyevin siyasətini layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev hər il müvafiq sərəncamları ilə   Böyük Vətən Müharibəsi veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılmasını təmin edir, onları daim diqqətdə saxlayır.

Rayon Veteranlar Şurasının sədri Rafiq Əliyev, müharibə veteranı, Şiyəkəran kənd sakini Məmmədşah Məcidov, Pəlikəş kənd sakini Ataxan Sovqatov, Kakalos kənd sakini Paşa Əkbərov və başqaları çıxış edərək müharibə iştirakçılarına olan dövlət qayğısından razı qaldıqlarını, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Sonda Heydər Əliyev Mərkəzinin önündə müharibə veteranları ilə birgə xatirə şəkli çəkilmişdir.