Astarada açılış olub

Şuvi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Siyatük kəndinin 174 təsərrüfatında 700 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini əkinçilik, heyvandarlıq və bağçılıq təşkil edir.

XALQ.AZ xəbər verir ki, bu ilki 15 sentyabr – “Bilik günü” bayramı Siyatük kənd sakinlərinin yaddaşında həm də yeni məktəb binasının açılışı ilə qalacaqdır. Sakinlərin uzun illərdən bəri arzusunda olduğu və ilin əvvəlində tikintisi başlanan məktəb binasının yeni dərs ilinin ilk günündə – “Bilik günü”ndə istifadəyə verilməsi yerli əhalinin böyük sevincinə səbəb olub.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev yeni məktəb binasının açılışını bildirən rəmzi lenti kəsərək bu əlamətdar hadisə münasibətilə sakinlərə xoş arzularını bildirib. Qeyd etmişdir ki, “Bilik günü” bayramında Siyatük kəndində müasir tələblərə cavab verən məktəb binasının istifadəyə verilməsi heç də təsadüfi deyildir. Bu gün böyük inkişaf yolunda olan müstəqil dövlətimizdə bütün sahələrə olduğu kimi təhsilə də xüsusi diqqət yetirilir. Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və təhsilin keyfiyyətinin yaxşılaşdırılması mühüm məsələ kimi diqqət mərkəzindədir. Son 15 ildə təkcə Astara rayonunda qırxdan çox yeni məktəb binası tikilmiş və əsaslı təmir olunmuşdur. Elə bu nümayəndəliyin ərazisində Süvi kənd tam orta və Deqədi kənd ümumi orta məktəblərindən sonra üçüncü yeni məktəb istifadəyə verilir. Hazırda Burzubənd kənd tam orta məktəbi üçün yeni binanın tikintisinə başlanmış, Doli və Şəmətük kənd ibtidai məktəblərinin yeni binasının tikintisi layihələşdirilir.

Tədbirdə Siyatük kənd məktəbinin direktoru Aqil Əhmədov, kənd sakinləri Mahmud Məmmədov, Şakir Tahirov və başqaları çıxış edərək son illər rayonda aparılan geniş abadlıq və quruculuq, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən genişmiqyaslı işlərə görə ölkə başçısı möhtərəm cənab İlham Əliyevə və rayon rəhbərliyinə ictimaiyyət adından minnətdarlıqlarını bildiriblər.

Sonda İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev və tədbir iştirakçıları yeni məktəb binasının sinif otaqları, şagird və müəllimlər üçün yaradılmış şəraitlə tanış olublar.

 

Orxan