Bu mövsüm 54 nəfəri ilan sancıb

Ilan

Bu mövsüm 1 saylı xəstəxanının toksikologiya şöbəsinə ilan sancması ilə bağlı 54 müraciət daxil olub.

XALQ.AZ-ın məlumatına görə, onların təxminən yarısı rayonlardan göndərilib. Bu xəstələ arasında cəmi bir nəfər 13 yaşlı Ağsu sakininin həyatını xilas etmək mümkün olmayıb. Əvvəllər isə xüsusilə rayonlarda ölüm halları tez-tez baş verirdi. Bu əsasən ilan zəhəri əleyhinə zərdabın çatışmazlığı ilə əlaqələndirilirdi. Bəs, bu gün bölgələrdə xəstəxanalar zərdabla təmin olunurmu?

İlan və həşərat sancmalarının tez-tez rast gəlindiyi şimal-qərb bölgəsində həkimlər əmin edirlər ki, istənilən halda problem zərdab çatışmazlığı problemi yaşanmayacaq.

Cərrahiyə şöbəsinin müdiri Əhməd Yadigarov qeyd etdi ki, xəstəxanada həmişə zərdabımız var: “Yüngül xəstələri xəstəxanada müalicə edirik. Bu il ərzində 5 nəfər müraciət edib. Hamısını burada müalicə etmişik”.

Elə ilanların daha çox məskən saldığı Qarabağ bölgəsində də rayon mərkəzi xəstəxanalarında zərdab çatışmazlığı probleminin olmadığını bildirirlər. Aran rayonlarından sayılan Ağcabədidə də ilan sancmalarına tez-tez təsadüf edilir. Ağcabədi rayon mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri Vaqif Bağırovun sözlərinə görə, bu il 3 nəfər xəstəxanaya müraciət edib və onlara da zərdab vurulmaqla yanaşı müvafiq tibbi yardımlar da göstərilib.

Vaqif Bağırov deyir ki, hazırda 10 xəstə, eyni vaxtda yardım etmək üçün zərdab ehtiyatımız var, lazım olanda da tələbnamə ilə Səhiyyə Nazirliyindən götürülür.

Mərkəzi Klinik Xəstəxananın Toksikologiya Şöbəsinin müdiri Azər Maqsudov söylədi ki, ilan sancmaları əleyhinə zərdab apteklərdə satılmasa da bütün xəstəxanalara pulsuz verilir. Yəni hazırda bu sahədə heç bir problem yoxdur.

Azər Maqsudov xatırlatdı ki, şəhər xəstəxanalarına və təcili yardım briqadalarına pulsuz paylanılır, eləcə də rayon mərkəzi xəstəxanalarına 3-5 ədəd verilir: “Artıq ehtiyacı varsa, təbii ki, məktuba əsasən tez bir zamanda ala bilər. Rayon səhiyyə şöbəsi ehtiyacı varsa, kənd ambulatorialarına da təşkil edib ala bilər”.

Səhiyyə Nazirliyi ilan sancması əleyhinə zərdabı Fransa və Özbəkistandan alır. Qiyməti isə təxminən istehsal olunduğu ölkədən asılı olaraq 160-250 AZN-dir. Bu preparat ehtiyatı Səhiyyə Nazirliyinin İnnovasiya şöbəsində saxlanılır.