“Ermənistan vaxtında və gecikmədən qarşıya qoyulan məsələlərə əməl etməlidir” – Deputat

Münaqişə başa çatdıqdan az sonra Azərbaycan Ermənistanla bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişi imzalamaq üçün beş əsas prinsipini təqdim edib”. 

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə çıxışı zamanı səsləndirib.

Dövlət başçısı vurğulayıb ki, Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur:

“Əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərksilah edilməli və tərxis olunmalıdır”. 

Prezident İlham Əliyev bununla da bir daha qətiyyətli mövqeyini ortaya qoydu. Dövlət başçısı rəsmi İrəvana xəbərdarlıq edərək, Ermənistanın sülhdən başqa yolunun olmadığını növbəti dəfə diqqətə çatdırıb.

Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi artıq qlobal anlamda sözü eşidilən və hörmət edilən siyasi fiqur kimi qəbul olunur:

“Ümumiyyətlə, Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsinə qədər olan dövrdə BMT-dən sonra ikinci təchizat olan bu platforma bir növ kölgədə qalmışdı. Azərbaycanın bu təchizata sədrlik etməsi cənab Prezidentin həm şəxsi nüfuzu, həm də Qoşulmama Hərəkatı üçün verdiyi töhfələr bu təşkilatı artıq tam güclü, nüfuzlu və qlobal aktora çevirmişdir.

Cənab Prezident dünənki Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə bir çox vacib və maraqlı məqamlara toxundu. Təbii ki, onlardan biri də həm 44 günlük Vətən müharibəsi dövründə Qoşulmama Hərəkatının üzvlərinin, dost ölkələrin Azərbaycana və beynəlxalq hüquqa hörmət etmələri və ölkəmizin ədalətli mövqelərini dəstəkləmələri idi. Həmçinin, dövlət başçısı postmüharibə dövründə qarşılaşdığımız məsələrin analinizi etdi və bugünkü vəziyyət barədə həm iştirakçıları, həm dünyanı məlumatlandırdı.

Prezident İlham Əliyev hazırda Qarabağda mövcud olan yarımhərbi erməni birləşmələrini oradan çıxarılmalı və tərksilah olunmalarını qeyd etdi. Prezident Ermənistanın hələ də bu siyasəti aparmasının sülhə mane olduğunu bildirdi”. 

Millət vəkili vurğulayıb ki, Ermənistanın rəsmiləri ara-sıra sülhdən danışmasına baxmayaraq, özü xarici siyasətində sülhə mane olur:

“Cənab Prezidentin dediyi kimi, Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Təbii ki, ölkəmiz hal-hazırda bu siyasətə sadiqdir. Onların tərksilah olunmasını və oradan getmələrini gözləyir və bu istiqamətdə lazımi addımları atır. Əks halda, Azərbaycan öz legitim hüququnu da saxlayır.

Yəni orada hər hansısa antiterror əməliyyatlarının keçirilməsini öz hüququ kimi saxlayır. Düşünürük ki, cənab Prezidentin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə Qoşulmama Hərəkatının sədri kimi çıxışında bu məsələyə toxunması Ermənistana növbəti mesajdır.

Bu, hələ də bölgəyə dayanıqlı sülhün gəlməsi ilə bağlı mesajdır. Ermənistan vaxtında və gecikmədən qarşıya qoyulan məsələlərə əməl etməlidir. Həmçinin, rəsmi İrəvan 10 noyabr Bəyanatının müddəlarının qeyri-şərtsiz və vaxtında icra olunmasını təmin etməlidir”.