Laçında niyə hərbi texnika toplanır-Gərginlik

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələri Laçın istiqamətində hərbi texnika toplayır.

Xatırladaq ki, 2022-ci ilin sentyabrında da ermənilər Laçınla sərhəddə anoloji təxribatlata əl atıblar.

Ermənistanın Qarabağ məsələsini BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarması fonunda bu təxribatın baş verməsi ermənilərin hazırlığından xəbər verir ?

Mövzu ilə bağlı  danışanehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirdi ki, Qarabağda vəziyyət yenidən gərginləşə bilər. Onun sözlərinə görə, ermənilərin daha irimiqyaslı təxribata əl atması istisna edilmir.

“Son vaxtlar gedən proseslər bir daha onu göstərir ki, ermənilər və onların havadarları Qarabağda vəziyyəti gərginləşdirmək üçün təxribatlar hazırlayırlar. Sözsüz ki, Azərbaycan tərəfi  özünümüdafiə üçün buna adekvat cavab verəcək və qarşısı alınacaq. Maraqlıdır ki, biz Bərdə – Ağdam- Xankəndi yolu haqqında danışandan sonra məhz Qarabağda rus sülhməramlıların nəzarətindəki ərazidə ermənilər mütəmadi olaraq atəşkəsi pozmağa cəhd edirlər. Ona görə ki, indiyədək həmin ərazilər nisbətən daha sakit idi. Ermənilərin Laçın istiqamətinə əlavə qüvvələr yığmaqda, ağır texnikaları yerləşdirməkdə məqsədi yenidən silahlı insident yaratmaq, təxribat törətməkdir”.

Ekspert qeyd etdi ki, sülh müqaviləsi ilə bağlı aktiv işlərin aparılması erməni hərbi siyasi rəhbərləyini və havadarlarıni narahat edir.

“Hər hansı silahlı insidentin yaranması, sülh sazişinin imzalanması prosesini uzadacaq. Diqqəti çəkən digər bir məqam isə, indiyə kimi Rusiya, Brüssel və ABŞ platformasında bu iki ölkə arasında sülh müqaviləsi ilə bağlı danışıqlar keçirilib və müəyyən nəticələr əldə edilib. Hazırda isə məsələnin yekun hissəsində Ermənistanın qeyri-konstruktiv mövqeyinə, təxribatlarına bu platformaların heç biri irad bildirməyib. Rusiya ümumiyyətlə sülh müqaviləsini tələsik sayır və mövqeyini bu şəkildə bildirib. Avropa isə ermənilərin “tır şou”sunda məhz ermənipərəst mövqe nümayiş etdirir. Öllkələrin ikili standartları dünyanı qarışıq vəziyyətə salır. Ukrayna və Tayvan fonunda da biz bunun şahidi oluruq. Həmçinin Cənubi Qafqazda da təhlükə var, çünki burada Rusiya və ona düşmən ölkələrin maraqları toqquşur. Bu maraqları güdən ölkələr Ermənistanı dəstəkləyir və silahlandırırlar. Bütün bunlar onu göstərir ki, sülh müqaviləsi ilə bağlı keçirilən görüşlər də sadəcə görüş xatirinə həyata keçirilir. Və öz maraqlarını regionda təmin etmək məqsədini daşıyır. Çünki yetəri qədər təzyiq mexanizmi olan dövlətlər bu gün Ermənistana  irad bildirmir. Heç olmasa “humanitar şou”ya obyektiv yanaşaraq məsələyə qiymət verə bilərdilər” ,- deyə Ş.Ramaldanov fikrini yekunlaşdırdı.