Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən atılan Azərbaycan-Çin münasibətlərində yeni mühüm mərhələ

Ulu Öndər Heydər Əliyevin Azərbaycan-Çin münasibətlərinin inkişafı istiqamətində gördüyü işlərin, etdiyi səfərlərin nəticələri bu gün də öz aktuallığını qorumaqda və siyasi proseslərin gedişinə yön verməkdədir. Prezident cənab İlham Əliyevin davam etdirdiyi siyasi kursun prioritet istiqamətlərindən başlıcası, sözsüz ki, dünya dövlətləri ilə dostluq, əməkdaşlıq, tərəfdaşlıq və sülh mühitinin yaradılmasıdır. Belə dövlətlərdən biri də Çindir və biz bir çox nümunələri bu əməkdaşlığın təzahürü kimi misal göstərə bilərik. Prezident İlham Əliyevin cari ilin 22 iyul tarixində “China Global Television Network” televiziya kanalında yayımlanmış müsahibəsi iki dövlət arasındakı əlaqələrin dinamikasının artan xətlə inkişaf etdiyini isbat edir. Müsahibənin gedişində həm dünyanın güc mərkəzlərindən biri kimi Çinin siyasi əhəmiyyəti, həm də 44 günlük Vətən müharibəsində qazanılan parlaq Zəfərdən sonra regionun cari inkişaf vəziyyəti haqqında danışan Prezident İlham Əliyev COVID-19 pandemiyasl başlayanda peyvəndlərin olmaması səbəbindən çətinliklərlə üzləşən ölkəmizə yardım edən yeganə ölkənin Çin olduğunu qeyd edərək bu hadisəni dövlətlər arasındakı dostluğun təcəssümü kimi qiymətləndirdi. Eyni zamanda iqtisadi əməkdaşlıq məsələlərində Çin ilə mövqelərimizin üst-üstə düşdüyünü vurğulayaraq, bu əlaqələrin regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacağına dair əminlik ifadə etdi. Çin şirkətlərinin artıq fəaliyyətə başlamış Ələt Azad İqtisadi Zonasında istehsalatla məşğul olmağa dəvət edilməsi iqtisadi əməkdaşlıq istiqamətində atılmış əməli addımlardan biridir. Həmçinin İkinci Qarabağ müharibəsi bitdikdən sonra Qarabağ regionunda həyata keçirilən irimiqyaslı yenidənqurma işləri, ikitərəfli əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əjəmiyyət kəsb edir. Hazırda Fransa hökumətinin çox əsassız hücumları ilə üzləşdiyimizi bildirən prezident, onların rəsmi bəyanatlarının hər cür siyasi etikadan kənara çıxdığını bildirərək, bir daha haqlı və qəti mövqeyini ortaya qoydu. Prezident İlham Əliyev Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin hər hansı digər Azərbaycan vətəndaşı qədər bərabər hüquq və təhlükəsizlik zəmanətinə malik olacaqlarına dair bəyanları, multikulturalizmin Azərbaycan modelinin yüksək standartlarını bir daha dünyaya nümayiş etdirmiş oldu. Çin mediası vasitəsilə sülh müqaviləsinin uzunmüddətli qarşıdurmaya son qoyaraq Qafqazda, eyni zamanda digər dünya dövlətləri ilə yaradılan kommunikativ əlaqələrdə inkişafa səbəb olacağına və bununla da Azərbaycanın strateji mərkəzə çevriləcəyinə dair Prezident İlham Əliyev tərəfindən verilən siyasi mesajlarla ölkə rəhbəri Azərbaycanın strateji mərkəzə çevriləcəyinin anonsunu verdi.
 Jalə Əliyeva 
Milli Məclisin deputatı