Xocalıya hücum zamanı erməni kəndlərinin mühasirəsində qalmış şəhərin 3000 nəfərədək silahsız mülki əhalisi düşməndən xilas olmaq üçün şəhəri tərk etdi. Çox təəssüf ki, o dövrdə Xocalıya heç bir kömək olmadığından həmin əhalinin demək olar ki, böyük bir hissəsi erməni vəhşiliyinin qurbanı oldu.
Ümumilikdə Xocalı soyqırımı nəticəsində şəhərin 5379 nəfər sakini zorakılıqla qovuldu, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qaldı (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirdi, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürüldü.
2024-cü il fevralın 21-də işğaldan azad olunmuş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı zamanı kütləvi şəkildə basdırılmış insan qalıqları aşkarlanıb. Bu və çoxsaylı digər faktlar sübut edir ki, azərbaycanlı əhaliyə qarşı amansız soyqırımı törədilib. Bunlar bir daha göstərir ki, bu qətliam Ermənistanın xalqımıza qarşı həyata keçirdiyi sistemli zorakılıq siyasətinin tərkib hissəsi olmaqla yanaşı, insan hüquqları və beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın, digər beynəlxalq sənədlərin tələblərinin pozulmasıdır.
Uzun illərdir ki, Azərbaycan dövləti Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması istiqamətində sistemli iş aparır. Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanıb, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib.
Prezident İlham Əliyev Xocalı soyqırımını törədənlərin ifşa olunmasını və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılmasını Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Eləcə də, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, bu soyqırımına obyektiv qiymət verilməsi məqsədilə davamlı addımlar atılır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırıb. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılıb, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olub.
Bütün bunların nəticəsidir ki, indiyədək 18 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 24 ştatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən qətnamə və qərarlar qəbul edib. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatında və Türk Dövlətləri Təşkilatında Xocalı soyqırımının kəskin şəkildə pislənilməsini ehtiva edən qətnamə və bəyanatlar qəbul olunub.
2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi düşmənin əsl mahiyyətini bir daha əyani şəkildə nümayiş etdirdi. Döyüş meydanında Azərbaycan əsgərinin qarşısında aciz qalan düşmən hərbi əməliyyatların getdiyi ərazilərdən uzaqda yerləşən yaşayış məntəqələrimizi raket atəşinə tutdu. Nəticədə aralarında uşaqların, qadınların da olduğu dinc sakinlər həlak oldu. Gəncəyə, Bərdəyə, Tərtərə, Naftalana və digər yaşayış məntəqələrimizə atılan raketlər erməni faşizminin nə qədər təhlükəli olduğunu bir daha göstərdi.
Müharibə başa çatsa da, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsi gündəmə gəlsə də, erməni vəhşiliyini, 33 il əvvəl Xocalıda törədilmiş amansız soyqırımını heç vaxt unutmaq olmaz.

Aydın Hüseynov
Milli Məclisin deputatı


media-ads728x90

Bənzər xəbərlər